Qərbi Azərbaycan İcması tərəfindən Bakıda keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın ikinci panelində maddi irsin qorunması və qayıdış hüququnun fiziki əsasları müzakirə olunub.
Paneldə Pakistan Ali Məhkəməsinin vəkili Cənab Muhammad Sohail Sajid, Milanda İtaliya Azərbaycan Assosiasiyasının vitse-prezidenti və Eurasiaticanews təsisçisi Dr. Carlo Marino, İƏT İndoneziya Gənclər Təşkilatının prezidenti Xanım Astrid Nadya Rizqita və ABŞ-ınTennesi Texnologiya Universitetinin professoru Prof. Michael Martin Gunter çıxış ediblər.
Moderator Klaus-Peter Ralf Juergens tədbirin gedişini idarə edərək iştirakçıların fikir mübadiləsini təşkil edib. Paneldə Azərbaycanın azad edilmiş ərazilərində məscidlər, ziyarətgahlar, qəbiristanlıqlar və tarixi məhəllələrin qorunması, bərpası və sənədləşdirilməsi, həmçinin bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyi geniş müzakirə olunub.
İştirakçılar beynəlxalq təcrübələr və hüquqi normalara əsaslanaraq maddi irsin qorunmasının qayıdış hüququ ilə sıx bağlı olduğunu vurğulayıblar.


















