Macarıstan baş nazirinin sözlərinə görə, Ukraynaya Qərb və Rusiya arasında “bufer zonası” rolunu vermək lazımdır.
Gündəm24.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban “Radio Kossuth” radiostansiyasının efirində bildirib ki, Ukrayna Avropa İttifaqının və NATO-nun üzvü ola bilməz, çünki bu, müharibə demək olardı və ölkə Qərblə Rusiya arasında “bufer zona” olaraq qalmalıdır.
Onun sözlərinə görə, Ukraynanın hazırkı şəraitdə Avropa İttifaqına üzv olması Avropada müharibəyə gətirib çıxara bilər, çünki bu, bir Aİ dövlətinin böyük bir güclə müharibə aparması, digərlərinin isə prosesdən kənarda qalması kimi təhlükəli illüziya yaradar. Orban vurğulayıb ki, Ukraynanın Aİ-yə üzvlüyü Avropa bazarının məhvinə və təhlükəsizliyin zəifləməsinə səbəb ola bilər.
Baş nazir qeyd edib ki, Ukrayna Avropanı Rusiyadan qoruya bilməz və əksinə, Avropanı birbaşa müharibəyə cəlb edir. O, əvvəlki mövqeyini bir daha təsdiqləyərək bildirib ki, Ukrayna Qərblə Rusiya arasında “bufer zona” rolunu saxlamalı, Avropanın təhlükəsizliyi isə NATO-nun şərq sərhədlərində, xüsusilə Mərkəzi Avropada gücləndirilməlidir.
Sədaqət Həsənova














