Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Aİ-yə üzvlük məsələsində Budapeştin mövqeyini bildiyini və buna görə də ölkədə keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərməyə çalışdığını açıqlayıb.
Gündəm24.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə Aİ sammitinin yekunlarını şərh edərkən deyib ki, indiki Macarıstan hökuməti Ukraynanın Aİ-yə qoşulmasına razılıq verməyəcək və Kiyev bunu yaxşı anlayır.
Orbanın sözlərinə görə, Avropa Komissiyası Ukraynanın 2027-ci ilə qədər assosiasiyaya qoşulması üçün yol xəritəsi təqdim etsə də, Macarıstanda növbəti yüz il ərzində Ukraynanın Aİ-yə üzvlüyünə səs verəcək parlamentin olmayacağını düşünür. Baş nazir açıq şəkildə vurğulayıb ki, Macarıstan Ukraynanın Aİ-yə qoşulmasını istəmir və Kiyevin ölkənin daxili siyasi proseslərinə maraq göstərməsinin səbəbi də budur.
O bildirib ki, ukraynalılar Macarıstandakı seçki kampaniyasında fəal iştirak edəcəklər, çünki hökumətin dəyişməsi onların fundamental maraqlarına uyğundur. Orban bu vəziyyətdən narazı olduğunu və xarici müdaxilə cəhdlərinə qarşı mübarizə aparacaqlarını bəyan edib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto da oxşar vəziyyətin əvvəlki seçkilərdə yaşandığını xatırladıb. Onun sözlərinə görə, dörd il əvvəl də Ukrayna tərəfi müxalif qüvvələr üçün kampaniya aparıb və bu proses indi yenidən təkrarlanır. Siyarto qeyd edib ki, qarşıdan gələn seçkilərdə Macarıstan vətəndaşları sülh və ya müharibə yolunu seçib-seçməyəcəklərinə, eləcə də Zelenski hökumətinin dəstəklənib-dəstəklənməyəcəyinə qərar verəcəklər.
Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-nə təyin edilib. Seçkilər nəticəsində yeni hökumət formalaşacaq. Viktor Orbanın rəhbərlik etdiyi Fidesz–Macarıstan Vətəndaş Alyansı partiyası və onun müttəfiqi Xristian Demokrat Xalq Partiyası müxalifətdə olan Tisza Partiyası ilə mübarizə aparır. Müxalifətin lideri isə Aİ rəhbərliyinin və Avropa Parlamentindəki Avropa Xalq Partiyasının dəstəyini alan keçmiş hökumət rəsmisi Peter Magyardır.
Sədaqət Həsənova













