3 dekabr 2025-ci il tarixində Xalq Bankının əsas binasında XIX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş “Xalq Əmanəti” layihəsinin 26-cı nəşri olan “Mirzə Qədim İrəvani” albomunun təqdimatı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəssamın yubileyi ilə bağlı imzaladığı Sərəncam əsasında ölkədə həyata keçirilən yubiley silsiləsinin növbəti mühüm mərhələsi olub.
Mərasimdə millət vəkilləri, dövlət rəsmiləri, ictimai xadimlər, ziyalılar və Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli Mirzə Qədim İrəvaninin milli mədəniyyətimizin parlaq simalarından biri olduğunu vurğulayaraq bildirib ki, rəssamın yaradıcılığı həm İrəvan bölgəsinin, həm də ümumilikdə Azərbaycanın mədəni yaddaşının ayrılmaz hissəsidir. O qeyd edib ki, Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı imzalanan sərəncam və keçirilən tədbirlər böyük sənətkarın yaradıcılığına verilən yüksək dəyər olmaqla yanaşı, həm də mühüm siyasi əhəmiyyət daşıyır, Qərbi Azərbaycana qayıdış ideyasının mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, bu kimi nəşrlər və sərgilər Qərbi Azərbaycanın zəngin mədəni irsinə sahib çıxılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha sonra görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı-publisist Rəfail Hüseynov çıxışında Mirzə Qədim İrəvaninin yalnız bir rəssam kimi deyil, həm də milli ideyanın daşıyıcısı olduğunu vurğulayıb. O bildirib ki, son 30 ildə Qərbi Azərbaycanda ermənilər tərəfindən sistemli şəkildə dağıdılmış tarixi abidələr fonunda İrəvaninin əsərləri həmin mədəni irsin bu günədək gəlib çatan nadir sənədli təsvirləridir.
Rəfail Hüseynov həmçinin Qərbi Azərbaycan İcmasının son dövrlər ərsəyə gətirdiyi nəşrlər arasında yer alan “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının da hazırkı Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi və mədəni irsin planlı şəkildə məhv edilməsini sənədlərlə ortaya qoyan qiymətli mənbə olduğunu bildirib.
Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Hikmət Babaoğlu çıxışında İrəvaninin çətin tarixi dövrün sənətkarı olduğunu, lakin bütün maneələrə baxmayaraq Azərbaycan təsviri sənətində dönüş yaratdığını qeyd edib. O bildirib ki, rəssam miniatür ənənəsindən portret janrına keçərək böyük cəsarət nümunəsi göstərmiş, xüsusilə Abbas Mirzənin portretini yaratmaqla milli özünüdərkin faktına çevirmişdi və onun təsvir etdiyi körpülər, məscidlər və şəhər mənzərələri bu gün dağıdılmış Qərbi Azərbaycan abidələrinin qiymətli sənədli izləridir.
Xalq rəssamı, professor, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev Xalq Bankına belə dəyərli layihənin həyata keçirilməsinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, Mirzə Qədim İrəvani sənətkar ailəsində doğulmuş, milli təsviri sənətin formalaşmasına təməl qoymuş şəxsiyyətdir. Rəssamın irsinin daha dərindən öyrənilməsi, bunun üçün xüsusi kurs və tədris proqramlarının yaradılması zərurətini vurğulayıb. Natiq Əliyev həmçinin bildirib ki, İrəvaninin 200 illik yubileyi münasibətilə yaxın günlərdə Berlin və Parisdə də təqdimatlar keçiriləcək və Qərbi Azərbaycan İcması ilə yeni mədəni əməkdaşlıq layihələri reallaşdırılacaq.
Tədbirdə Azərbaycan, ingilis və rus dillərində hazırlanmış albomun təqdimatı ilə yanaşı, iştirakçılar Mirzə Qədim İrəvaninin əsərlərindən ibarət sərgi ilə də tanış olublar.
Qeyd edək ki, 2010-cu ildən həyata keçirilən “Xalq Əmanəti” layihəsi Azərbaycan mədəni irsinin qorunması və dünya ictimaiyyətinə təqdim olunması məqsədi daşıyır. Layihə çərçivəsində görkəmli rəssam və sənətkarların, eləcə də alim və ədəbiyyat xadimlərinin irsinə həsr edilmiş nəşrlər hazırlanır, sərgilər təşkil edilir və bu materiallar ölkənin təhsil müəssisələrinə, kitabxanalarına, muzeylərinə, həmçinin xaricdəki diplomatik nümayəndəliklərə çatdırılır.
Mirzə Qədim İrəvaniyə həsr edilmiş 26-cı nəşr isə bu böyük sənətkarın ölməz irsinin daha geniş auditoriyaya təqdim olunması baxımından layihənin xüsusi əhəmiyyət kəsb edən buraxılışlarından biri kimi dəyərləndirilir.
Sərgi 4 dekabrdan etibarən Xalq Bankının Əsas binasında yerləşən qalereyada fəaliyyətə başlayıb, həftə içi saat 18:00 – 21:00, həftə sonu isə 10:00–16:00-dək ziyarətçilər üçün açıq olacaq. Giriş sərbəstdir.
































