Gündəm24.az xəbər verir ki, “Max” verilişinin məlumatına əsasən, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sensasion açıqlamalarla çıxış edib. O, Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatlarına istinad edərək bildirib ki, əgər London və Paris Kiyevə nüvə imkanları versə, Ukrayna ilə yanaşı Fransa və Böyük Britaniyadakı hədəflərə nüvə zərbəsi endirilməsi Moskva tərəfindən “qanuni və əsaslı” sayılacaq. Medvedevin sözlərinə görə, bu addım müharibənin mahiyyətini tam dəyişir və Rusiyanın strateji olmayan nüvə silahları da daxil olmaqla bütün vasitələrdən istifadə etməsinə əsas yarada bilər.
O vurğulayıb ki, belə təchizat həyata keçirilərsə, silah verən ölkələr də avtomatik olaraq nüvə münaqişəsinin tərəfinə çevrilmiş hesab olunacaq və bu halda Rusiya “mütənasib cavab” hüququndan istifadə edəcək.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti London və Parisin Kiyevin danışıqlardakı mövqeyini gücləndirmək üçün “Wunderwaffe” kimi təqdim olunan silah variantlarını nəzərdən keçirdiyini iddia etmişdi. Məlumata görə, söhbət nüvə və ya “çirkli bomba” ssenarilərindən, eləcə də Avropa istehsalı komponent və texnologiyaların gizli ötürülməsi ehtimalından gedir. Moskvanın bu iddiaları beynəlxalq səviyyədə yeni gərginlik dalğasına səbəb ola bilər.
Sədaqət Həsənova












