Avstraliyanın Baş naziri Entoni Albanese bomba təhlükəsi səbəbindən Kanberradakı rəsmi iqamətgahından təxminən üç saatlıq müddətə təxliyə edilib. Polisin axtarış zamanı şübhəli əşya tapmadığı bildirilir.
Gündəm24.az New Straits Times-a istinadən xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanese təhlükəsizlik səbəbləri ilə çərşənbə axşamı Kanberradakı rəsmi iqamətgahı The Lodge‑dən müvəqqəti çıxarılıb.
Polis bomba təhlükəsi barədə məlumat alandan sonra Albanese saat 18:00 radələrində təhlükəsiz yerə aparılıb və axtarışlar başa çatdıqdan sonra saat 21:00-dan sonra evinə qayıdıb. Avstraliya Federal Polisi Parlament binasının yaxınlığındakı yaşayış yerində hərtərəfli axtarış aparıb və heç bir şübhəli element tapılmadığını açıqlayıb.
Hadisə partlayıcı maddə təhlükəsi ilə əlaqələndirilir. Federal Polis Komissarı Krissy Barrett isə parlament üzvlərinə və bəzi icmalara qarşı təhdidlərin artdığını və onlayn təhdidlərin real həyatdakı hərəkətlərə çevrildiyini bildirib.
Sədaqət Həsənova










