Qərbi Azərbaycan İcmasında keçirilən III Beynəlxalq Konfrans çərçivəsində Qərbi Azərbaycan İcması Nəzarət Təftiş Komissiyasının sədr müavini, millət vəkili Kamal Cəfərov ilə Yaponiyadan gələn qonaq, Doşişa Universitetinin professoru, həmin ali məktəbin sabiq rektoru Prof. Hisae Nakanişi arasında görüş keçirilib.
Görüş zamanı cari iılin avqust ayında Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin regionda davamlı sabitliyin təmin olunması baxımından mühüm sənəd olduğunu qeyd edilib. K.Cəfərov əlavə edib ki, sülh prosesinin de-jure yekunu üçün Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməli, konstitusiyasına dəyişikliklər edilməlidir, çünki mövcud bəzi maddələr beynəlxalq hüququn prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə ziddir. Millət vəkili eyni zamanda uzun illər etnik təmizləmə səbəbindən ana vətənlərindən didərgin düşmüş Qərbi Azərbaycanlıların geri qayıdış hüququ barədə geniş məlumat verib.
Prof. Hisae Nakanişi çıxışı zamanı sülhün təkcə siyasi sənədlərlə ölçülmədiyini, eyni zamanda insanların xatirələri, kimliyi və mədəni irsi ilə sıx bağlı olduğunu vurğulayıb. O sülh prosesinin insani ölçüsünə diqqət çəkib.Yaponiyalı professor razılaşmanın icra müddəti ilə maraqlanaraq, mövcud siyasi mühit fonunda sənədin praktiki imzalanmasının nə qədər tez reallaşacağı barədə sual ünvanlayıb.
Görüş zamanı Ermənistan mediasında sülh mövzusu ilə bağlı vəziyyət də müzakirə edilib.
Kamal Cəfərov bildirib ki, hazırda Ermənistanda ictimai rəy əsasən daxili siyasi gərginliklər üzərində cəmlənib və bu da sülh təşəbbüsləri üçün əlverişli informasiya mühitinin formalaşmasına maneə yaradır. Bununla belə, o, gələn il tammiqyaslı sülh sazişinin imzalanmasına ümid etdiyini qeyd edib.
Prof. Hisae Nakanişi 2022-ci ildə Şuşaya etdiyi səfəri də xatırladaraq Qarabağda aparılan bərpa və quruculuq işlərinə yüksək qiymət verib. O, Qərbi Azərbaycan İcması ilə bağlı apardığı araşdırmalardan, tarixi mənbələr, demoqrafik proseslər və mədəni yaddaş üzrə tədqiqatlarından bəhs edib.
Qeyd olunub ki, Azərbaycan tərəfi sülh təşəbbüsləri istiqamətində ardıcıl və birmənalı mövqe nümayiş etdirir.
Görüşün sonunda Prof. Nakanişi Azərbaycan və Ermənistan arasında tələbə mübadilə proqramlarının başlanmasını təklif edib. O vurğulayıb ki, bu təşəbbüslər gənclər arasında qarşılıqlı anlaşmanı gücləndirə, stereotipləri aradan qaldıra və regionda uzunmüddətli sülhə xidmət edə bilər.














