2016-cı ilin aprelində baş verən və Azərbaycan tarixində “Dördgünlük müharibə” kimi tanınan Aprel döyüşləri 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra təmas xəttində yaşanan ən genişmiqyaslı və ən şiddətli hərbi qarşıdurma kimi yadda qalıb.
Aprelin 1-dən 2-nə keçən gecə cəbhədə başlayan döyüşlər dörd gün davam edib və Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib. Bu döyüşlər həm regionda hərbi-siyasi balansı dəyişib, həm də Azərbaycanın işğalla barışmayacağını bütün dünyaya nümayiş etdirib. Eyni zamanda, Aprel döyüşləri 2020-ci il Vətən müharibəsinə aparan yolun başlanğıcı kimi tarixi əhəmiyyətə malikdir.
Gündəm24.az xəbər verir ki, dörd gün ərzində döyüşlər əsasən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində, ümumilikdə 257 kilometrlik təmas xətti boyunca aparılıb. Döyüşlərin başlanması Ermənistan silahlı qüvvələrinin təxribatları ilə müşayiət olunurdu. Azərbaycan mövqeləri və yaşayış məntəqələri güclü artilleriya atəşinə tutulub, dinc sakinlər arasında itkilər qeydə alınıb. Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin ən gərgin sahələrində Azərbaycan birlikləri artilleriya bölmələri və digər qoşun növlərinin birgə fəaliyyəti nəticəsində Ermənistan silahlı qüvvələrinə qarşı qısa müddətdə cavab tədbirləri həyata keçirib. Ermənistanın müxtəlif istiqamətlərdə yerləşən mövqeləri Azərbaycan ordusunun cavab atəşi ilə susdurulub. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri bir sıra strateji əraziləri düşməndən azad etdi. Xüsusilə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunda Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Suqovuşan kəndlərinə aparan yollar azad edilib. Lələtəpə yüksəkliyinin azad olunması strateji baxımdan dönüş nöqtəsi idi və ətraf ərazilərə nəzarət imkanını genişləndirib. Bu yüksəklik həmçinin Cocuq Mərcanlı kəndinin bərpasına və sakinlərin doğma yurdlarına qayıdışına şərait yaradıb.
Azərbaycan Ordusunun rəsmi məlumatına görə, döyüşlər nəticəsində təxminən 2,000 hektar ərazi azad edilib. Ermənistan tərəfi isə bunun yalnız 800 hektar olduğunu və strateji əhəmiyyət daşımadığını iddia edib. Aprel döyüşləri başlamazdan əvvəl Azərbaycan Ordusunun diversiya qrupları cəbhənin dərinliyinə sızaraq bir sıra əməliyyatlar həyata keçirmib. Bu əməliyyatlar arasında ən diqqətçəkəni Əsgəran bölgəsindəki hava hücumundan müdafiə sistemlərinin radar qurğusunun məhv edilməsi idi. Döyüşlərin gedişində isə Talış və Seysulan kəndləri ətrafındakı yüksəkliklər, Füzuli istiqamətində isə Ermənistanın pilotsuz uçuş aparatları Azərbaycan tərəfindən məhv edilib. Aprelin 4-də Ermənistan tərəfi itirilmiş mövqelərini geri qaytarmaq üçün əks-hücum cəhdləri etsə də, ciddi nəticə əldə edə bilməyib. Aprelin 5-də isə Ağdərə istiqamətində strateji əhəmiyyətli obyektlərə endirilən zərbə nəticəsində qarşı tərəf canlı qüvvə və texnika itkisi verib. Azərbaycan Ordusunun nümayiş etdirdiyi peşəkarlıq beynəlxalq ekspertlərin də diqqətindən yayınmayıb.
Müdafiə naziri Zakir Həsənov Azərbaycan ordusunun Ermənistanın müdafiə xətti kimi tanınan “Ohanyan səddi”ni qısa müddətdə yardığını açıqlayıb. Eyni zamanda, Aprel döyüşləri ordunun döyüş hazırlığının, müasir silah sistemlərindən istifadənin və koordinasiyalı əməliyyat idarəçiliyinin əyani nümayişi olub. Dörd gün davam edən döyüşlər zamanı hər iki tərəfdən hərbçilər və mülki şəxslər daxil olmaqla təxminən 350 nəfər həyatını itirib. Döyüşlərin genişlənməsi beynəlxalq aləmdə də narahatlıq yaratdığı üçün, aprelin 5-də tərəflər arasında Moskva şəhərində razılaşma əldə edilib və saat 12:00-dan etibarən hərbi əməliyyatlar dayandırılıb. Lakin razılaşmadan dərhal sonra atəşkəs pozuntuları davam edib, xüsusilə Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqeləri Ermənistan tərəfindən atəşə tutulub. Aprel döyüşləri sonradan 2020-ci ildə baş verən Vətən müharibəsinə aparan yolun başlanğıcı oldu. Bu dörd gün Azərbaycan Ordusunun gücünü, xalqın iradəsini və ölkənin ərazi bütövlüyü uğrunda qətiyyətini nümayiş etdirdi. Tarixi əhəmiyyət baxımından Aprel döyüşləri yalnız qısa müddətli hərbi əməliyyat kimi deyil, Azərbaycanın müasir tarixində dönüş nöqtəsi və qələbəyə aparan yolun ilk böyük addımı kimi yadda qalıb./Sfera.az/














