“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış Azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfransın bağlanış sessiyasında Qərbi Azərbaycan İcması adından Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov təşəkkür məktubunu iştirakçılara təqdim edib.
Hörmətli Konfrans iştirakçıları, əziz qonaqlar!
“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış Azərbaycanlıların mədəni irsinin bərpası ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfrans öz işini uğurla başa vurmaqdadır. Tədbirimizin uğurlu olması ilk növbədə onunla əlaqədardır ki, konfransın işində 60-dan çox xarici ölkədən və Azərbaycandan yüksək nüfuza malik alim və mütəxəssislər iştirak edirlər.
Bizim haqq səsimizə səs verən bütün konfrans iştirakçılarına, xüsusən xarici qonaqlarımıza təşəkkür edirəm və Azərbaycana xoş gəldiniz deyirəm.
Belə bir mötəbər konfransın iştirakçılarına öz dərin məzmunlu və dünyanı sülh və qardaşlığa səsləyən müraciətini ünvanladığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və konfransın təşkilində zəhməti olan hər kəsə Qərbi Azərbaycan İcması adından təşəkkürümüzü bildirirəm.
Konfransımız yüksək işgüzarlıq şəraitində keçmiş, maraqlı müzakirə və diskusiyalarla zəngin olmuşdur. İnanırıq ki, belə müzakirələr və dünyanın tərəqqipərvər insanlarının bu haqq işində bizə dəstəyi Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün mədəni irsin bərpasında ədalətin təmin edilməsi, barışıq və sülhə aparan yolda uğur qazanılmasına öz töhfələrini verəcəkdir.
Hörmətli qonaqlar!
Dinlədiyimiz çıxışlardan da göründüyü kimi qayıdış hüququ və mədəni irs bir-birindən ayrılmaz anlayışlardır.
Mədəni irsin qorunması və bərpası isə qayıdış prosesinin mənəvi sütunudur. Mədəni irsin qorunması təkcə keçmişi yaşatmaq deyil, həm də gələcəyi möhkəmləndirmək deməkdir.
Mədəni irs keçmişə məxsus olsa da o, gələcəyi formalaşdırır.
Qayıdış hüququ yalnız fiziki torpağa qayıdış deyil, həm də mədəni irsin, kimliyin və tarixi yaddaşın bərpası kimi dərin mənəvi aspektləri özündə ehtiva etməklə, yalnız siyasi məsələ yox, həm də mədəni və mənəvi məsuliyyət xarakteri daşıyır.
Bu gün bizim üzərimizə düşən əsas vəzifələrdən biri xalqımızın Ermənistandakı mədəni irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına töhfə verməkdir.
Barışıq və sülh, mədəni irsin qorunması və bərpası, kollektiv qayıdış siyasi müstəvidə iki ölkə arasında həll olunmalı məsələ olsa da, bu, eyni zamanda beynəlxalq hüququn tələblərinə və ədalətin təmin edilməsinə əsaslanmalıdır. Belə olan təqdirdə təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini, o cümlədən mədəni irsin qorunması və bərpasını qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməkdən hələ də əl çəkməmişdir.
Konfrans iştirakçılarına xatırlatmaq istərdim ki, Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir. Müasir dünyada qarşılaşdığımız problemlər – münaqişələr, mədəni irsin məhvi, humanitar böhranlar, məcburi köçkünlük, iqlim dəyişmələri heç bir zaman təkcə bir dövlətin həll edə biləcəyi məsələlər olmayıb. Bu çağırışlar bizi daha geniş miqyasda düşünməyə, sərhədlərdən kənara çıxmağa və qlobal həmrəyliyi real fəaliyyətə çevirməyə vadar edir.
Məhz İcma olaraq bizim məqsədimiz Ermənistandan zorla çıxarılmış soydaşlarımızın sülh yolu ilə öz dədə-baba yurdlarına qayıdışının və mədəni irsimizin bərpasının təmin olunmasından ibarətdir.
Ümid edirik ki, bu konfrans həm deportasiyalara məruz qalmış soydaşlarımızın hüquqlarının müdafiəsi, həm də ümumilikdə regionda dayanıqlı sülhün təmin edilməsi baxımından yeni bir dialoq platformasının yaranmasına əsas verəcəkdir. Əminik ki, Qərbi Azərbaycan haqda həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması regionda uzunmüddətli sülhün qurulmasına xidmət edəcəkdir.
Bizim məqsədimiz bu əməkdaşlığı dərinləşdirmək, beynəlxalq tərəfdaşlarla birlikdə daha güclü, daha sabit və daha davamlı gələcək qurmaqdır.
Bu gün Azərbaycan öz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə regionda barışığın mayakına çevrilir. Azərbaycan Respublikasının Prezidentinin balanslaşdırılmış, bəşəri və milli maraqlara söykənən siyasəti yalnız ölkəmizin deyil, bütün Cənubi Qafqazın və regionun gələcəyini müəyyənləşdirən əsas amildir. Biz əminik ki, ədalət və barış vasitəsi ilə, beynəlxalq ictimaiyyətin dəstəyi ilə, qarşılıqlı etimad və dialoq əsasında Qərbi azərbaycanlıların qayıdış hüququ reallaşacaqdır. Biz bu günkü Konfransımızı bu məqsədə çatmaq yolunda əhəmiyyətli bir addım hesab edirik.
Hörmətli konfrans iştirakçıları!
2023-cü ildə Azərbaycan öz süverenliyini tam bərpa etdikdən sonra bölgədə dayanıqlı sülhün əldə olunması üçün tarixi fürsət yaranmışdır. Bu mənada, 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanmış birgə Bəyannamə, həmçinin sülh və dövlətlərarası münasibətlərin yaradılmasına dair paraflanmış Saziş və digər sənədlər regionda sülhün təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Məhz bu şəraitdə Qərbi Azərbaycan İcmasının fəaliyyəti, eləcə də bugünkü Konfransımızın ali məqsədi xalqlar arasında əmin-amanlığın bərqərar olmasına xidmət edir.
Diqqətinizə görə təşəkkür edirəm.













