Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Əməkdar memar, professor, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü Gülçöhrə Məmmədova “Şərəf” ordeni ilə təltif edilib.
Qərbi Azərbaycan İcması bu ali dövlət mükafatını Gülçöhrə Məmmədovanın Azərbaycan elmi, ali təhsil sistemi və memarlıq sahəsində uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətin, eləcə də milli-mənəvi dəyərlərin qorunması istiqamətində xidmətlərinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirir.
Gülçöhrə Məmmədova Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü kimi Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir.
Qərbi Azərbaycan İcması Gülçöhrə Məmmədovanın vətənpərvər mövqeyini, milli məsələlərə həssas və prinsipial yanaşmasını, Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəmdə saxlanılmasına verdiyi töhfələri yüksək qiymətləndirir.
Qeyd edək ki, Gülçöhrə Məmmədova 1953-cü il aprelin 23-də indiki Ermənistan Respublikasının Vedi rayonunun Vedi kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirib. Memarlıq doktoru, Əməkdar memardır. 1999-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur. O, Fransa Respublikasının “Akademik Palma” ordeni ilə təltif edilib, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının və bir sıra digər beynəlxalq akademiyaların üzvüdür.
Qərbi Azərbaycan İcması Gülçöhrə Məmmədovanı “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi, pedaqoji və ictimai fəaliyyətində yeni uğurlar arzulayır.














