6 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, millət vəkili Pərvanə Vəliyeva ilə Cənubi Afrikanın “Afrika-Asiya Dialoqları (Afrasid)” adlı beyin mərkəzinin və ictimai intellektual platformasının direktoru Thembisa Ignatius Fakude arasında növbəti görüş baş tutub.
Görüş zamanı millət vəkili keçmiş Ermənistan–Azərbaycan münaqişəsinin tarixi barədə geniş məlumat verib. O bildirib ki, Sovet İttifaqının süqutundan sonra münaqişənin kəskinləşməsi azərbaycanlıların Ermənistan ərazisindən deportasiya olunması və Azərbaycanın 20 faiz torpaqlarının işğalı ilə nəticələndi. Pərvanə Vəliyeva qeyd edib ki, işğalın davam etdiyi 30 il ərzində bir milyona yaxın qaçqın və məcburi köçkün ağır sosial-məişət şəraitində yaşamağa məcbur qalıb və bütün beynəlxalq çağırışlara baxmayaraq, Ermənistan işğala son qoymaqdan imtina edib.
O vurğulayıb ki, 2020-ci ildə Azərbaycan işğala son qoyaraq böyük Zəfər əldə edib. Millət vəkili hazırda Qarabağda genişmiqyaslı quruculuq və bərpa işlərinin aparıldığını, Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallığın formalaşdığını diqqətə çatdırıb. ABŞ-ın zəmanəti ilə reallaşacaq Sülh və Rifah naminə Tramp marşrutunun Avropa və Asiyanı birləşdirən mühüm strateji xətt kimi region üçün yeni tarixi imkanlar yaratdığını xüsusi vurğulayıb.
Görüş zamanı Pərvanə Vəliyeva Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin sistematik şəkildə məhv edilməsinə də toxunub. Bildirib ki, bu mövzuda UNESCO-ya edilən müraciətlər hələ də cavabsız qalıb. O, Azərbaycanın bütün ölkələrlə, xüsusilə İslam dövlətləri və Qoşulmama Hərəkatına üzv ölkələrlə dostluq və əməkdaşlıq münasibətlərinə böyük önəm verdiyini qeyd edib.
Qonaq Thembisa Ignatius Fakude Azərbaycan haqqında hələ 1990-cı illərdən məlumatlı olduğunu, Qarabağa səfəri zamanı Şuşada aparılan quruculuq işlərindən və işğal dövründə kütləvi şəkildə minaların basdırıldığından xəbərdar olduğunu bildirib. O, Azərbaycanın Keniyada, Cənubi Afrikada və bir sıra Afrika ölkələrində səfirliklər açmasını yüksək qiymətləndirib.
Media nümayəndəsi kimi o, Qərbi Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı araşdırmalar aparmaqda maraqlı olduğunu deyib və bu mövzuda kitab yazmaq istədiyini qeyd edib. Fakude, həmçinin, Qərbi Azərbaycanla bağlı dünya ictimaiyyətinə açıq vahid onlayn və elektron məlumat bazasının yaradılmasının vacibliyini vurğulayaraq bu işdə dəstək göstərməyə hazır olduğunu bildirib.
Pərvanə Vəliyeva dəyərli təklif və dəstəyə görə qonağa təşəkkürünü bildirib. O, Qərbi Azərbaycan İcmasının hər zaman əməkdaşlığa açıq olduğunu və mövzunun beynəlxalq səviyyədə geniş işıqlandırılması üçün bu kimi təşəbbüslərin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

















