Diplomatın sözlərinə görə, bir neçə rusiyalı turist artıq yanvar ayının ortalarında Venesuelaya səfər edib və “orada çox gözəl vaxt keçirib”.
Gündəm24.az xəbər verir ki, TASS Agentliyinin məlumatına görə, Venesuelanın Rusiyadakı səfiri Xesus Rafael Salazar Velaskes bildirib ki, ölkədə vəziyyət sabitdir və ora səfər etmək təhlükəsizdir. O, Venesuelanın suveren və müstəqil olduğunu, ABŞ ilə danışıqların yalnız diplomatik kanallar vasitəsilə aparıldığını vurğulayıb.
Səfirin bu açıqlamaları, 2026-cı ilin yanvarında ABŞ-ın Karakasda həyata keçirdiyi hərbi əməliyyatdan sonra verilib. Həmin əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı ABŞ qüvvələri tərəfindən saxlanılıb və Nyu-Yorkda narkotik qaçaqmalçılığı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Onlar ittihamları rədd ediblər. Bu hadisədən sonra Venesuelanın vitse-prezidenti Delsi Rodrigez müvəqqəti prezident kimi and içib.
Rusiya tərəfi bu hadisəni beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və Maduro ilə həyat yoldaşının dərhal azad olunmasını tələb edib. Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın bu addımını “açıq və kinli təcavüz” adlandırıb.
Hazırda Venesuelada vəziyyətin sabit olduğu və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir. Rusiya səfirliyi və digər diplomatik nümayəndəliklər fəaliyyətlərini davam etdirirlər.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.