Bəzən insanların şirniyyata çox asılı olduqlarını görürük. Əsasən də bu hal uşaqlarda olduqca narahatlıq doğur.
Belə olduqda bir sual yaranır: şirniyyatı nə ilə əvəz etmək olar?
Qida eksperti İlkin Şirinov Redaktor.az-a açıqlamasında bildirdi ki, şirniyyatı müxtəlif meyvə quruları ilə əvəz etmək olar.
Onun sözlərinə görə, bu, yalnız gigiyenik normalara əməl olunmuş, xüsusi nəzarətli qurutma ilə hazırlanan meyvələr üçün keçərlidir.

“Şirniyyatı qoz-fındıqla və ya müəyyən meyvələrin üzərinə darçın əlavə etməklə əvəzləmək mümkündür. Meyvələrlə əvəz olunan şirniyyat istəyi daha təbii olur.
Amma bir məsələ hər zaman səhv hesab olunur: bəzən müxtəlif şənliklərdə və ad günlərində “bir az tort yesəm də heç bir problem olmaz” fikri insanda psixoloji asılılıq yaradır. “Bir az”, “bir dilim”, “bu gün yeyim, sabah yemərəm” kimi yanaşmalar artıq vərdişə çevrilir.
Əgər daim şirniyyat istəyirsə, xüsusilə uşaqlardan söhbət gedirsə, valideynlər bunu meyvə quruları və evdə hazırlanmış az şəkərli qidalarla əvəz edə bilərlər. Beləliklə, uşaqları şirniyyat vərdişindən xilas etmək mümkündür”.














