Dünən Davosda Sülh Şurası sazişinin imzalanmasından sonra ABŞ prezidenti Trampın kürəkəni Cared Kuşner müharibədən sonrakı Qəzza üçün plan layihələrini təqdim etdi. Amerika mətbuatına sızdırılan plan layihələrində 180 göydələn göstərilir.
Gündəm24.az xəbər verir ki, Dünya İqtisadi Forumunun Davos toplantısında çıxış edən Cared Kuşner Qəzza ilə bağlı təqdim edilən planın taleyi barədə açıq mesajlar verib. O bildirib ki, planın uğursuzluğu halında məsul tərəfi müəyyənləşdirmək çətin olmayacaq və HƏMAS-ın silahsızlaşdırılmamasının Qəzza xalqının məqsədlərinə çatmasına mane olacağını vurğulayıb. Kuşnerin bu fikirləri zalda diqqətlə dinlənilib və müzakirələrə səbəb olub.
Amerika mediasının yazdığına görə, təqdimat tələsik hazırlandığı təəssüratı yaradıb və birbaşa ABŞ prezidenti Donald Trampın “Sülh Şurası”nın nizamnaməsini imzalamasından sonra baş tutub. Həmin şura İsrail və HƏMAS arasında daha əvvəl razılaşdırılmış atəşkəs prosesinin növbəti mərhələsi kimi təqdim olunur. Mənbələr qeyd edir ki, Kuşnerin çıxışı bu kontekstdə Vaşinqtonun Qəzza ilə bağlı planlarını beynəlxalq auditoriyaya çatdırmaq cəhdi kimi dəyərləndirilir.
Təqdim olunan slaydlarda Qəzzanın gələcəyi ilə bağlı iqtisadi və infrastruktur layihələri əks olunub. Xüsusilə sahil turizminin inkişafı ideyası ön plana çəkilib, bölgənin potensialının iqtisadi dirçəliş üçün istifadə oluna biləcəyi vurğulanıb. Bununla belə, planın təhlükəsizlik və siyasi şərtlərlə sıx bağlı olduğu mesajı da açıq şəkildə hiss etdirilib.


Təqdimata əsasən, Qəzzanın sahil xətti boyunca genişmiqyaslı sahil turizmi zonasının yaradılması nəzərdə tutulur. Bu ərazi boyunca əsasən otel kimi nəzərdə tutulan çoxsaylı hündürmərtəbəli binaların inşası planlaşdırılır və sahilin tamamilə yeni sima qazanacağı vurğulanır. Layihə Qəzzanı regional turizm mərkəzinə çevirmək iddiası ilə təqdim olunur.
Slaydlarda Qəzzanın cənub-qərbində, Misir sərhədinə yaxın ərazidə yeni limanın salınacağı, onun ardınca isə hava limanı üçün ayrıca inkişaf zonasının ayrıldığı göstərilib. Kuşner bu infrastrukturu bölgənin iqtisadi canlanması üçün əsas sütunlardan biri kimi təqdim edib və beynəlxalq nəqliyyat əlaqələrinin qurulmasının vacibliyini xüsusi qeyd edib.
Plan çərçivəsində “Yeni Rəfah” və “Yeni Qəzza” adlandırılan iki böyük şəhərsalma zonasının yaradılması da diqqət mərkəzində olub. Kuşnerin sözlərinə görə, Yeni Rəfahda on minlərlə daimi yaşayış evi ilə yanaşı, yüzlərlə təhsil ocağı və onlarla səhiyyə müəssisəsi inşa ediləcək. O, bütün bu layihələrin qısa müddətdə tamamlanacağına ümid etdiklərini bildirib və planın uğurla icra olunacağı təqdirdə bölgənin tamamilə fərqli reallıqla üzləşəcəyini vurğulayıb.

Kuşner layihənin iki-üç il ərzində tamamlanacağına ümid etdiyini bildirib və maliyyələşmənin ilkin mərhələdə hökumət ianələri hesabına həyata keçiriləcəyini açıqlayıb. İlk vədlərin Vaşinqtonda keçiriləcək konfransda elan olunacağı gözlənilir, özəl sektora isə risklərə baxmayaraq “cəlbedici investisiya imkanları” təklif edilib.
Fələstin tərəfi plana ehtiyatla yanaşıb, insan haqları müdafiəçiləri isə bunun fələstinlilərin zəif durumundan istifadə edilməsi təəssüratı yaratdığını bildiriblər. Rami Abdu planın fələstinlilərin mövcudluğunu məhdudlaşdırmağa yönəldiyini qeyd edib.
Bu arada İsrail ordusu Qəzza zolağının böyük hissəsinə nəzarəti davam etdirir və geri çəkilmə ilə bağlı konkret irəliləyiş yoxdur. Kuşner çıxışında beynəlxalq qüvvələrdən bəhs etməyib, İsrailin geri çəkilmə ehtimalı yalnız silahsızlaşdırma şərti ilə slaydlarda dolayı şəkildə qeyd olunub.
Sədaqət Həsənova













