Antalyadan Mançesterə uçan Jet2 aviaşirkətinə məxsus təyyarə sərnişinlər arasında mübahisənin davaya çevrilməsindən sonra Brüssel hava limanına təcili eniş edib. Davada iştirak edən iki sərnişin saxlanılıb və aviaşirkət tərəfindən ömürlük uçuş qadağan edilib. Dava başqa bir sərnişin tərəfindən mobil telefonla qeydə alınıb.
Gündəm24.az xəbər verir ki, Jet2 aviaşirkətinin verdiyi məlumata görə, Antalyadan Mançesterə uçan LS896 reysi zamanı təyyarədə sərnişinlər arasında qalmaqal yaşanıb. İddialara əsasən, irqçi ifadələr üzündən başlayan mübahisə qısa müddətdə yumruq davasına çevrilib.
Təyyarə heyətinin müdaxiləsinə baxmayaraq qarşıdurma davam edib və pilot təhlükəsizlik məqsədilə Brüssel hava limanına təcili eniş edib. İki sərnişin polis tərəfindən saxlanılıb.
Şirkət həmin şəxslərə ömürlük uçuş qadağası tətbiq edildiyini və yönləndirmə ilə bağlı bütün xərclərin onlardan tələb olunacağını açıqlayıb. Jet2 pozucu davranışlara qarşı sıfır tolerantlıq göstərdiyini vurğulayıb.
Sədaqət Həsənova














