Ermənistanda son günlərdə qəbul edilən məhkəmə qərarı regionda sülhə xidmət etmir, əksinə sülhə doğru atılan addımları və görülən işləri ləngidir.
Gündəm24.az xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyinin sədri Ramiz İsmayılov səsləndirib:
” O bildirib ki, bu qərar Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarının ümumi gedişinə mənfi təsir göstərir. Onun sözlərinə görə, son dövrlərdə tərəflər arasında müsbət addımlar atılsa da, belə qərarlar bu prosesi zəiflətməyə yönəlib. O qeyd edib ki, Prezident İlham Əliyev hər zaman münaqişənin beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə həllinin tərəfdarı olub. Ermənistan hökumətinin verdiyi qərarları da sülhə uyğunlaşdırılmalıdır.”
Sumqayıt nümayəndəliyinin sədri qeyd edib ki, Ermənistan məhkəməsinin keçmiş separatçı qurumla bağlı verdiyi qərar hüquqi baxımdan əsassızdır və başqa bir dövlətin daxili məsələlərinə müdaxilə kimi qiymətləndirilməlidir. Ramiz İsmayılovun sözlərinə görə, sülh yalnız qarşılıqlı hörmət və real addımlar üzərində qurula bilər.Əgər bölgədə davamlı sülh istənilirsə, köhnə mövzular yenidən gündəmə gətirilməməlidir. İnsanların yaşadığı ağrılar və itkilər siyasi alətə çevrilməməlidir.
O həmçinin vurğulayıb ki, Qərbi azərbaycanlıların illər əvvəl öz doğma yurdlarından didərgin salınması, tarixi və dini abidələrin dağıdılması hələ də hüquqi və siyasi qiymətini almayıb. Sülh prosesi yalnız bu cür məsələlərə ədalətli və obyektiv yanaşma ilə irəli gedə bilər və bu istiqamətdə atılan addımlar təkcə Ermənistan və Azərbaycan dövlətləri üçün deyil, ümumi regionun gələcəyi üçün həlledici əhəmiyyət daşıyır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
İlkin Şirinov
Gündəm24.az














