Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları əsrlərdir türk yurdlarının iqtisadi və mədəni mərkəzlərindən biri olub. Bu torpaqlar yalnız coğrafi mövqeyinə görə deyil, həm də azərbaycanlı türklərin minilliklər boyu yaratdığı həyat, irs və dövlətçilik yaddaşının qorunduğu ərazilər kimi xüsusi əhəmiyyət daşıyırdı. Zangi, Qarasu, Gərni kimi çaylar bölgənin kənd təsərrüfatını, yaşayışını və mədəni davamlılığını təmin edən başlıca yaşayış məskənləri olmuşdur.
Bu ərazi Asur, Urartu, Sak, Qamər və digər türk mənşəli tayfaların qədim yaşayış məskənlərindən başlayaraq Şəddadilərdən Səfəvilərə, sonda isə İrəvan xanlığına qədər bir çox dövlətlərin tərkibində inkişaf etmişdir. Yəni, bu məkan kağız üzərində sonradan kiminsə adına yazıla biləcək boş səhralıq deyil, türk millətinin formalaşdırdığı qədim yurd olub.
Rusiya imperiyasının həyata keçirdiyi etnik təmizləmə məqsədilə XIX əsrdə Rusiya imperiyasının Cənubi Qafqazı işğal etməsi ilə bölgənin tarixi nisbəti zorakı şəkildə dəyişdirildi. İran və Osmanlıdan on minlərlə erməni köçürülərək Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalına yerləşdirildi. Bu proses: yerli azərbaycanlıların torpaqlarının alınmasına,etnik üstünlüyün süni şəkildə dəyişdirilməsinə,bölgənin tarixi kimliyinin məqsədli şəkildə təhrif edilməsinə səbəb oldu.Başqa sözlə, ermənilər bu torpaqlara min illərlə sahib çıxan xalq deyildi — onlar sonradan gətirilib yerləşdirilmiş əhali idi.
1918–1920-ci illərdə daşnak silahlı dəstələri Zəngibasar, Gərnibasar və Qırxbulaqda kütləvi qırğınlar törətdi. Onlarla kənd yerlə-yeksan edildi, minlərlə azərbaycanlı qətlə yetirildi. Sovet dövründə isə bu proses fərqli formada davam etdirildi.
1948–1953-cü illər deportasiyası ilə yüzlərlə kənddən azərbaycanlılar zorla çıxarıldı, kəndlərin adları dəyişdirildi, yerlərə İran və Türkiyədən gətirilən ermənilər yerləşdirildi, tarix, toponimlər, qəbiristanlıqlar sistemli şəkildə məhv edildi. Bu, millətin yaddaşına vurulan ən ağır zərbələrdən biri idi.
Məskunlaşmadan məhv edilməyə qədər Zəngibasar mahalında Aş. və Yux. Necili, İncovit, Azadaşen, Darcan, Qaratəpə,Qullar, Sarvanlar, Hacı İlyas, Hacı Həsən evi, Həbilkənd və daha onlarla kənd əsrlərlə azərbaycanlıların yaşadığı yurdlar idi. Hər kənddə, mollaxana,sonralar dünyəvi məktəb, məscidlər, pirlər,qədim türk ocaqları, yaylaq-qışlaq sistemi formalaşmışdı.Bu kəndlər təkcə yaşayış məntəqəsi deyildi — xalqın yaddaşı, adətləri, toyları, el sənəti, musiqisi, ipəkçiliyi, heyvandarlığı, üzümçülüyü ilə yaşayan canlı mədəniyyət idi.
Amma 1918-ci il qırğınları, 1948–49 deportasiyaları və 1988-ci il etnik təmizləməsi nəticəsində bu kəndlərin əksəriyyəti ya dağıdıldı, ya da tamamilə erməniləşdirildi. Gərnibasar və Qırxbulaq – Azərbaycan izləri sistemli şəkildə silinən iki tarixi mahalın tarixi adıdır.Gərnibasar mahalının Bitlicə, Böyük-Kiçik Dəlilər, Qəmərli, Qaraqışlaq, Qaraqoyunlu, Qarahəmzəli, Qafarlı, Qaradağlı kimi kəndləri də eyni taleyi yaşadı. Bu kəndlərin bir çoxu,1728-ci il İrəvan əyalətinin dəftərlərində azərbaycanlı kəndləri kimi qeyd olunurdu, 1918-ci ildə dağıdıldı,1948–1953-cü illərdə tamamilə boşaldıldı. Qırxbulaq da Azərbaycanın qədim türk yaşayış bölgəsi idi, lakin XIX–XX əsrlərdə buraya sistemli erməni köçü təşkil olundu və azərbaycanlılar tədricən sıxışdırılaraq çıxarıldı.
Nəticədə tarixin üstündən xətt çəkilə bilər, amma tarixi silmək mümkün deyil. Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları sadəcə coğrafi adlar deyil — onlar Azərbaycan xalqının minillik yaddaşı, mədəniyyət daşıyıcıları, əsrlərlə formalaşmış türk yurdlarıdır. Bu torpaqlar,min illər türk izini qoruyub, son 200 ildə süni şəkildə dəyişdirilib,XX əsrdə etnik təmizləmə ilə millətindən məhrum edilib.
Lakin bir həqiqət dəyişmir. Bu yerlərin əsil sahibi türk xalqıdır.Bu torpaqlar Azərbaycanın tarixi yaddaşında yaşayır və yaşayacaq. Bura bizim atamızın, babamızın torpağıdır. Bu torpaq sahibsiz deyil. Azərbaycan xalqı unutmur və unutmayacaq. Kim nə deyir desin, bu yerlərə dönüş olacaq. Və bu qayıdış haqqın səsi ilə olacaq.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














