Artıq 3 gündür ki, ABŞ – İsrail koalisiyası ilə İran arasında genişmiqyaslı müharibə gedir. Müharibənin ilk 3 gününün nəticələri göstərir ki, tərəflər bir-birinə ciddi zərər vura bilib.
Hazırda hamını düşündürən əsas sual hansı tərəfin bu münaqişədən üstün çıxacağıdır. Bu suala cavab tapmaq üçün tərəflərin hərbi potensialını nəzərdən keçirmək lazımdır.
Gündəm24.az Sfera.az-a istinadla xəbər verir ki, hazırda dünyada ən böyük hərbi gücə malik ölkə ABŞ-dir. ABŞ-nin həm müdafiə büdcəsi, həm də iqtisadi imkanları nəzərə alınarsa, əminliklə demək olar ki, ABŞ – İsrail koalisiyası daha üstün mövqeyə sahibdir.
Amerikanın illik hərbi büdcəsi 1 trilyon dollardan çoxdur. İranın hərbi büdcəsinin isə təxminən 20 milyard dollar olduğu bildirilir. Müqayisə göstərir ki, xərclənən vəsaitlərin həcminə görə ABŞ İrandan 50 dəfə güclüdür.
Aktiv hərbçi sayına görə də ABŞ və İsrail İranı üstələyir. Təkcə ABŞ-nin 1,3 milyon xidmətdə olan hərbçisi, daha 700-800 min ehtiyat qüvvəsi mövcuddur. İsrailin isə 100-150 min aktiv hərbçisinin olduğu bildirilir. İranda aktiv hərbçi sayı 610 min, ehtiyatda olan qüvvə sayı isə 350 mindir.
Hərbi texnika baxımından da tərəflər müqayisəyə gələ bilməz. ABŞ-nin 13 200, İsrailin 600, İranın isə 550 ədəd döyüş təyyarəsi var. Bundan başqa, hərbi helikopterlərin sayı ABŞ-də 1000, İsraildə 150, İranda 120 ədəddir. Raketatan qurğuların sayı ABŞ-də 5500, İsraildə 300, İranda 3000 ədəddir. Zərbə dronlarının sayına görə də ABŞ və İsrail üstünlüyə sahibdir: dron sayı ABŞ-də 7500, İsraildə 800, İranda 200 ədəddir.
Quru qoşunlarının müqayisəsində də İranın zəif tərəf olduğu görünür. Tank sayı ABŞ-də 5000, İsraildə 1700, İranda 2000 ədəddir.
Qeyd edilənlər kəmiyyət göstəriciləridir. Amma nəzərə alaq ki, həm ABŞ-nin, həm də İsrailin sahib olduğu döyüş vasitələri İranın silahlarına nisbətən daha müasir və üstün texnologiyaya əsaslanır. Məsələn, ABŞ və İsraildə 5-ci nəsil döyüş təyyarələri (F-35) olduğu halda, İran əsasən 3-cü nəsil təyyarələrə sahibdir. Beşinci nəsil F-22 və F-35 qırıcıları, strateji bombardmançılar (B-2, B-52) və pilotsuz sistemlər Vaşinqtona istənilən regionda hava üstünlüyü qurmaq imkanı verir. Dəniz qüvvələri isə qlobal miqyasda fəaliyyət göstərir; 11 nüvə aviadaşıyıcısı, onlarla esmines, kreyser və nüvə sualtı qayığı ABŞ donanmasını dünyada bənzərsiz edir. Bundan başqa, minlərlə kilometr mənzilli “Tomahawk” qanadlı raketləri və qitələrarası ballistik raketlər ölkənin strateji çəkindirici gücünün əsasını təşkil edir.
İranı bu müharibədə rəqabətə davamlı edən əsas amil ballistik raketləridir. İran güclü ballistik raket arsenalına sahibdir və onların vasitəsilə ABŞ və İsrailə ciddi zərər vura bilib.
Beləliklə, mövcud qarşıdurmada üstünlük sahədən asılı olaraq dəyişə bilər. Qlobal miqyasda ABŞ dominantdır, hava əməliyyatlarında İsrail çox güclüdür, kütləvi raket arsenalı və regional təzyiq strategiyasında isə İran mühüm faktor olaraq qalır.














