Ötən gün İrana məxsus dronların Naxçıvanı hədəf almasından sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Nazirlər söhbət zamanı regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər narahatlıqlarını ifadə edərək gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib, sabitlik və təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.
Globalinfo.az-a danışan erməni politoloq Garik Keryan deyib ki, bu, uzun müddətdir gözlənilən bir haldır:
“Həmişə hesab etmişəm ki, Cənubi Qafqaz dövlətləri arasında olan bütün məsələlər yalnız region daxilində həll edilməlidir. Ən etibarlı təhlükəsizlik isə qonşu dövlətlərlə yaxşı münasibətlərin qurulmasıdır.

Garik Keryan
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı indiki məqamda müsbət hadisədir. Nazirlərin birbaşa əlaqə yaratması və regiondakı vəziyyət barədə bir-birini məlumatlandırması münasibətlərin hazırkı səviyyəsini göstərir. Bu müsbət tendensiyanın sonrakı müddətdə də davam edəcəyinə ümid edirik”.














