ABŞ-ın Yaxın Şərqdə artan gərginlik fonunda verdiyi mesajlar beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub. Xüsusilə, Donald Trampın Vaşinqtonun İranla mümkün müharibədən dərhal çıxacağını bildirməsi ilə yanaşı, bölgədə qalmağın vacibliyini vurğulaması diqqət çəkir.
Bu ziddiyyətli kimi görünən yanaşma əslində hansı strateji məqsədlərə xidmət edir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, bu yanaşma ABŞ-ın regionda uzunmüddətli strateji maraqları ilə birbaşa bağlıdır.

Əziz Əlibəyli
Onun sözlərinə görə, əsas məqsəd İran daxilində qərarverici elitanın dəyişməsi və ya Vaşinqtonla razılaşmaya gedə biləcək qüvvələrin önə çıxarılmasıdır:
“Alternativ olaraq isə elə qərarverici şəxslərin müəyyənləşdirilməsidir ki, onlar ABŞ-la qarşılıqlı razılığa gələ bilsinlər. Bu baxımdan ABŞ hərbi-strateji üstünlüyü əldə etdiyini düşünür, lakin prosesi indiki mərhələdə dayandırmağın hansı nəticə verəcəyi açıq sual olaraq qalır”.
Ekspert qeyd edib ki, ABŞ-ın bölgədə qalması yalnız hərbi deyil, həm də siyasi təsir imkanlarını qorumağa hesablanıb.
Onun fikrincə, erkən geriçəkilmə Vaşinqton üçün real nəticələr vəd etmir:
“Hazırkı mərhələdə ABŞ tərəfindən konkret əldə olunmuş ciddi nəticə yoxdur. Bu səbəbdən bölgədə qalmaqla həm təsir imkanlarını qorumaq, həm də gələcək siyasi razılaşmalar üçün zəmin yaratmaq hədəflənir”.
Qeyd edək ki, ABŞ-ın Yaxın Şərqdə mövcudluğu uzun illərdir enerji təhlükəsizliyi, regional balansın qorunması və rəqib güclərin təsirinin məhdudlaşdırılması kimi strateji məqsədlərlə əsaslandırılır. Vaşinqtonun hazırkı yanaşması da məhz bu uzunmüddətli strategiyanın davamı kimi qiymətləndirilir.













