ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, basqın zamanı əksəriyyəti kubalı olan çoxlu sayda hərbçi həlak olub.
Gündəm24.az xəbər verir ki, Washington Post (WP) qəzetinin məlumatına görə, Vaşinqton administrasiyası Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək məqsədi ilə həyata keçirilən ABŞ əməliyyatı zamanı mülki şəxslər də daxil olmaqla təxminən 75 nəfərin həlak olduğunu hesab edir.
Nəşrin yazdığına görə, mənbələrdən biri səhər tezdən baş verən hücumda ən azı 67 nəfərin, digər mənbə isə 75–80 nəfərin öldüyünü bildirib. Ölənlər arasında Venesuela və Kuba təhlükəsizlik qüvvələrinin üzvləri, həmçinin mülki vətəndaşlar olduğu qeyd olunur.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı açıqlamasında basqın zamanı əsasən kubalı hərbçilərin həlak olduğunu deyib. O, əməliyyatı “effektiv”, eyni zamanda “çox zorakı” kimi xarakterizə edib.
Kuba prezidenti Migel Dias-Kanel isə bildirib ki, ABŞ-ın Maduro və həyat yoldaşı Siliya Floresi ələ keçirmək üçün həyata keçirdiyi tədbirlər nəticəsində “döyüş tapşırıqlarını yerinə yetirərkən 32 kubalı hərbçi həlak olub”. Bu səbəbdən Kubada iki günlük matəm elan edilib. Venesuela hakimiyyəti də ABŞ-ın hücumu nəticəsində ölən hərbçilər və mülki şəxslər üçün yeddi günlük matəm qərarı verib.
Yanvarın 3-də Venesuela xarici işlər naziri İvan Gil Pinto ABŞ-ın Karakasda mülki və hərbi obyektlərə zərbələr endirdiyini bildirərək Vaşinqtonun hərəkətlərini hərbi təcavüz kimi qiymətləndirib. Ölkədə fövqəladə vəziyyət elan olunub. Daha sonra Donald Tramp zərbələri təsdiqləyib və Nikolas Maduro ilə həyat yoldaşının ölkədən ələ keçirilərək ABŞ-a deportasiya edildiyini açıqlayıb.
Maduro və həyat yoldaşı ABŞ-a aparılaraq Nyu-Yorkun Bruklin şəhərindəki həbsxanada saxlanılıb. Yanvarın 5-də onlar ABŞ-ın Nyu-York Cənub Dairəsi üzrə Rayon Məhkəməsi qarşısına çıxarılıblar. ABŞ hakimiyyəti cütlüyü narkotik qaçaqmalçılığında iştirak etməkdə ittiham edir, lakin hər iki şəxs ittihamları rədd edir.
Tramp həmçinin iddia edib ki, ABŞ Venesuelanın müvəqqəti idarəçiliyini öz üzərinə götürəcək. Onun sözlərinə görə, Vaşinqton ABŞ neft şirkətləri üçün kompensasiya alacaq və Venesuelanın müvəqqəti hökuməti ABŞ-a 30–50 milyon barel “yüksək keyfiyyətli” neft təhvil verəcək.
Sədaqət Həsənova













