Venesuela hakimiyyəti mandatını xalqın demokratik dəyişiklik iradəsinə hörmət etməyən seçki prosesindən götürüb.
Gündəm24.az xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Anitta Hipper Brüsseldə keçirilən brifinqdə bildirib ki, Avropa İttifaqı Venesuelanın müvəqqəti prezidenti elan edilən Delsi Rodrigezin legitimliyini tanımır. Onun sözlərinə görə, bu mövqe daha əvvəl Aİ tərəfindən Nikolas Maduronun legitimliyinin də tanınmaması ilə eynidir.
Hipper vurğulayıb ki, Venesuela hakimiyyəti öz mandatını xalqın demokratik dəyişiklik iradəsinə hörmət etməyən seçki prosesindən əldə edib. “Delsi Rodrigez bu yaxınlarda müvəqqəti prezident kimi and içib, lakin bu proses demokratik prinsiplərə uyğun olmayıb”, – deyə o qeyd edib.
Bununla yanaşı, Avropa Komissiyasının sözçüsü bildirib ki, Aİ öz maraqlarını qorumaq məqsədilə Venesuela hakimiyyəti ilə “məqsədyönlü əməkdaşlığı” davam etdirəcək. Onun sözlərinə görə, legitimliyin tanınmaması dialoqun tam dayandırılması anlamına gəlmir və Brüssel praqmatik yanaşmanı üstün tutur.
Sədaqət Həsənova













