Sosial şəbəkələrdə yayılan görüntülərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dam fasadının bir neçə hissəsinin qoparaq havada asılı vəziyyətdə qaldığı əks olunub. Paylaşılan kadrlarda konstruksiyanın bəzi elementlərinin yerindən ayrıldığı və küləyin təsiri ilə sallandığı görünür. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq məlum deyil. İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alanların olub-olmaması barədə rəsmi açıqlama verilməyib. Sosial şəbəkə istifadəçiləri təhlükəsizlik baxımından ərazidə tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar.
Bununla bağlı təhlükəsizlik qaydaları üzrə ekspert Seymur Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, avtovağzal kimi insanların sıx toplaşdığı nəqliyyat məkanında dam örtüyünün qopması ciddi təhlükəsizlik siqnalıdır:
“Qopan hissələr sərnişinlərin üzərinə düşə və xəsarətlə nəticələnə bilər. Bundan əlavə, dam örtüyünün zədələnməsi güclü külək və ya yağıntı zamanı vəziyyəti daha da təhlükəli edir. Belə obyektlərdə konstruksiyaların mütəmadi texniki baxışı aparılmalı, ən kiçik nasazlıq aşkar edilən kimi dərhal aradan qaldırılmalıdır. Avtovağzal gündə minlərlə insanın istifadə etdiyi məkandır və burada ən xırda texniki problem belə böyük təhlükəyə çevrilə bilər. Əks halda, bu cür hadisələr həm insanların təhlükəsizliyinə, həm də nəqliyyat infrastrukturunun normal fəaliyyətinə ciddi risk yaradır”.
Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinə sorğu göndərsək də sorğumuza cavab verilməyib.














