Azərbaycanda sosial həssas qrupların maliyyə xidmətlərinə çıxışı, xüsusilə də bank kreditlərindən yararlanmaq imkanları tez-tez müzakirə mövzusuna çevrilir. Əlilliyi olan şəxslərin kredit ala bilmədiyi ilə bağlı yayılan fikirlər isə cəmiyyətdə müəyyən suallar doğurur və bu sahədə real vəziyyətin necə olduğu maraqla qarşılanır.
Bəs doğrudanmı əlilliyi olan şəxslərə banklar kredit vermir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, əlilliyi olan şəxslərə kredit verilməsi mümkündür və bu, qanunvericilik baxımından məhdudlaşdırılmayıb.

Onun sözlərinə görə, banklar kredit verərkən əsasən müştərinin gəlir səviyyəsinə, ödəmə qabiliyyətinə və kredit tarixçəsinə diqqət yetirir:
“Əlillik statusu avtomatik olaraq kreditdən imtina üçün əsas deyil. Əgər həmin şəxsin rəsmi gəliri varsa və kredit ödənişlərini həyata keçirmək imkanı mövcuddursa, banklar ona kredit ayıra bilər.”
İqtisadçı əlavə edib ki, bəzi hallarda banklar riskləri nəzərə alaraq əlavə təminat və ya zamin tələb edir. Bu isə ümumi kredit siyasətinin tərkib hissəsidir və yalnız əlilliyi olan şəxslərə aid edilmir.
Beləliklə, ekspertlərin fikrincə, əlilliyi olan şəxslərin bank xidmətlərinə çıxışı hüquqi baxımdan məhdud deyil və əsas meyar maliyyə imkanları olaraq qalır.














