Birləşmiş Ərəb Əmirliklərində 15 yaşına çatmayan şəxslərin sosial şəbəkələrdə hesab yaratması və bu platformalardan istifadə etməsi qadağan olunub.
Gündəm24.az milliaz-a istinadən xəbər verir ki, qərara əsasən, 15 yaşdan aşağı istifadəçilər sosial şəbəkələrdə hesab aça, paylaşım edə və ya açıq qruplarda iştirak edə bilməyəcəklər. Platformalar belə hesabları aşkar etdikdə bloklamalıdır.
15-16 yaşlı yeniyetmələrin istifadəsinə icazə verilsə də, onların hesablarına məzmun, ünsiyyət və istifadə müddəti ilə bağlı xüsusi məhdudiyyətlər tətbiq olunacaq. Eyni zamanda, azyaşlıların məlumatlarından reklam və kommersiya məqsədləri üçün istifadə qadağan edilir.
Yeni qaydalar çərçivəsində sosial şəbəkələr istifadəçilərin yaşını etibarlı üsullarla yoxlamalıdır. Platformalara tələblərə uyğunlaşmaq üçün 12 aylıq keçid müddəti verilib. Qaydaları pozan platformalar isə cərimə və ya bloklanma ilə üzləşə bilər.














