Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a verdiyi müsahibədə bildirib ki, Ermənistanın blokadadan çıxarılması bütün Cənubi Qafqazın inkişafı üçün vacibdir, yalnız Rusiyanın bu prosesdə iştirakı maraqlar balansını təmin edə bilər.
“Ermənistanın blokadadan çıxarılması, Azərbaycanın iki hissəsi arasında rahat nəqliyyat əlaqələrinin bərpası və Mehri hissəsinin bərpasının bütün Cənubi Qafqazın dinc inkişafı üçün önəmli olduğunu anlamaq vacibdir. Bu yol olmadan orada sülh olmayacaq, ancaq onu yalnız regiondakı bütün ölkələrin maraqlarının balanslaşdırılması ilə qurmaq olar və bunu yalnız Rusiyanın iştirakı təmin edə bilər”,– o qeyd edib.
Rusiya bir növ balansın yalnız “bizimlə mümkün olduğunu” deyir. Rusiya niyə özünü əsas oyunçu kimi aparır?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, Cənubi Qafqaz Rusiya üçün xüsusi önəm daşıyır. Ona görə ki, Rusiyanın Ukrayna ilə münaqişəsi ilə əlaqədar Avropa ilə əlaqələri kəsilib:

“Rusiyanın cənub cinahının aktiv vəziyyətdə qalması üçün mütləq şəkildə Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olunması vacibdir. Çünki Rusiya Cənubi Qafqaz üzərindən Hind okeanına çıxış əldə edə biləcəyi bir dəhliz qazanır. Şimal-Cənub dəhlizi Azərbaycan üzərindən İran körfəzinə, oradan isə Hind okeanına çıxışı təmin edən bir marşrutdur. Bu baxımdan Cənubi Qafqaz Rusiya üçün xüsusi əhəmiyyət daşıyan regiondur. Cənubi Qafqazda sülh və sabitliyin yaradılması üçün Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması mühüm əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsindən sonra regionda yeni siyasi situasiya formalaşıb. Bu da Azərbaycanın həm regional, həm də geosiyasi baxımdan apardığı siyasətin məntiqi nəticəsidir. Azərbaycan Prezidenti xarici siyasət doktrinasında qonşularla dinc yanaşı yaşama prinsipini əsas meyar kimi götürərək münasibətlərin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsində maraqlıdır. Bu baxımdan Azərbaycanla Ermənistan arasında nəqliyyat infrastrukturunun açılması xüsusi önəm daşıyır. Çünki Azərbaycanın Naxçıvanla əlaqəsinin maneəsiz təmin olunması üçün zəmanət lazımdır. Bu kontekstdə Zəngəzur dəhlizi məsələsi gündəmdədir. Bu dəhlizlə bağlı iki əsas sənəd mövcuddur. Birincisi, 10 noyabr bəyanatıdır. Həmin sənədin 9-cu maddəsinə əsasən, Zəngəzur dəhlizinə Rusiyanın Federal Təhlükəsizlik Xidməti nəzarət etməlidir. İkinci sənəd isə 8 avqust tarixli, ABŞ-də imzalanmış razılaşmadır. Ermənistan rəhbərliyi Zəngəzur dəhlizini ABŞ-nin himayəsinə verməkdə maraqlıdır. Bu baxımdan dəhliz məsələsində ABŞ və Rusiyanın maraqları toqquşur. Moskva isə 10 noyabr bəyanatının gündəmdə olduğunu vurğulayır”.
Politoloq əlavə edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması iki dövlətin öz iradəsi ilə formalaşır:
“Azərbaycan Prezidentinin göstərişi ilə Ermənistana tranzit yüklərin daşınmasına icazə verilib, Azərbaycan yanacağının Ermənistanda satışı həyata keçirilir. Həmçinin Rusiya və Qazaxıstandan Ermənistana taxıl, gübrə və digər məhsulların daşınması Azərbaycan üzərindən tranzitlə həyata keçirilir. Bu addımlar Azərbaycanın Ermənistana bir jesti kimi qiymətləndirilə bilər ki, Ermənistan cəmiyyəti sülh sazişinin vacibliyini daha yaxşı anlasın. Bu baxımdan Ermənistan Konstitusiyasında da dəyişikliklərin edilməsi zəruri hesab olunur. Çünki sülh sazişinin əsas prinsipi iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məqamlar mövcuddur. Buna görə də sülh sazişinin imzalanması üçün referendum keçirilməsi zəruri sayılır. Bu proses Ermənistan xalqının iradəsi ilə həyata keçirilməlidir. Ermənistanın siyasi hakimiyyəti açıq şəkildə bəyan edir ki, 2026-cı il parlament seçkilərindən sonra referendum məsələsi gündəmə gətirilə bilər. Bununla bağlı Konstitusiya dəyişikliyi üçün komissiya yaradılıb və yeni Konstitusiyanın hazırlanması istiqamətində işlər aparılır”.
A.Məsiyev vurğulayıb ki, ümumilikdə Rusiya həm Ermənistan, həm də Azərbaycanla münasibətlərini hər iki dövlətin milli maraqlarına uyğun şəkildə inkişaf etdirməkdə maraqlıdır:
“Azərbaycanla Rusiya arasında 2022-ci ilin fevral ayında 43 maddədən ibarət əməkdaşlıq sazişi imzalanıb. Bu sənəd iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir. Lakin Ermənistanın hazırkı siyasi hakimiyyəti balans siyasətini pozur. Baş nazir Nikol Paşinyan Qərbyönlü siyasət həyata keçirərək Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətməyə çalışır. Rusiya rəsmilərinin etirazlarına baxmayaraq, bu kurs davam etdirilir. Bu siyasət Ermənistan daxilində də gərginliyə səbəb olur. Qarşıdan gələn parlament seçkiləri ölkədə ciddi siyasi qarşıdurma ehtimalını artırır. Həm kilsə ilə hakimiyyət arasında, həm də Rusiyapərəst qüvvələrin fəallaşması fonunda vəziyyətin daha da gərginləşəcəyi gözlənilir. Azərbaycan isə xarici siyasətində balanslaşdırılmış yanaşmanı davam etdirir və qonşularla dinc münasibətlər prinsipini əsas götürür”.














