Slovakiyanın Aİ-nin yeni anti-Rusiya sanksiyalarına qarşı formalaşan bloka qoşulması fonunda Ukrayna ilə bağlı Davosda başlayan danışıqlar Moskvada davam edib. Proses eyni vaxtda həm Avropadakı siyasi parçalanmanı, həm də diplomatik təmasların mərkəzinin tədricən dəyişdiyini göstərir.
Gündəm24.az xəbər verir ki, Rusiyada cümə günü çıxan qəzetlərin manşetlərində bir neçə əsas mövzu ön plana çıxıb. Davosda başlayan Ukrayna ilə bağlı danışıqların Moskvada davam etməsi, Slovakiyanın Aİ-nin yeni anti-Rusiya sanksiyalarına qarşı Macarıstan və Çexiya ilə əməkdaşlıq planları və Aİ-nin Rusiya neft məhsullarının idxalına qoyduğu qadağanın logistika sahəsinə mümkün təsirləri geniş müzakirə olunub.
Mətbuatda yazılır ki, ABŞ nümayəndələrinin Moskvaya səfərləri Ukrayna böhranının həlli ilə bağlı intensiv diplomatik təmaslardan xəbər versə də, ekspertlər yaxın zamanda real irəliləyiş gözləntilərinin zəif olduğunu bildirirlər. Eyni zamanda Aİ daxilində birlik çatışmazlığı diqqət çəkir: Slovakiya sanksiyalara qarşı koalisiya formalaşdırmağa çalışsa da, Brüsselin ümumi kursunu dəyişmək çətin görünür və Avropa İttifaqının proseslərdə daha çox müşahidəçi mövqeyinə düşdüyü vurğulanır.
Digər xəbərlərdə ABŞ-ın Suriyada saxlanılan minlərlə İŞİD üzvünü İraqa köçürməsi, Vaşinqtonun təhlükəsizlik risklərini azaltmaq cəhdi kimi dəyərləndirilir. Enerji mövzusunda isə ABŞ-ın 2027-ci ildə qaz çatışmazlığı ilə üzləşə biləcəyi, Aİ-nin Rusiya neft məhsullarına qadağasının isə nəqliyyat və logistika xərclərini artıracağı bildirilir. Analitiklərə görə, bu qərarlar qısa müddətdə bazarlarda qeyri-müəyyənliyi, uzun müddətdə isə yeni tarazlıqları formalaşdıra bilər.
Sədaqət Həsənova













