Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Avropa liderlərinin DİF-in kənarındakı açıqlamaları beynəlxalq absurd teatrındakı tamaşalar kimi səslənib.
Gündəm24.az xəbər verir ki, TASS agentliyinin əldə etdiyi məlumata görə, Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukrayna mövzusunu əsas gündəmə çevirmək cəhdlərinin gözlənilən effekti vermədiyi bildirilir. Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bu istiqamətdə aparılan səylərin uğursuz olduğunu vurğulayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Avropa liderlərinin forum kənarında səsləndirdiyi bəyanatları beynəlxalq absurd teatrına bənzədib.
Forum çərçivəsində ABŞ prezidenti Donald Tramp Avropa liderlərinə sərt mesajlar verib. O, Avropanın qanunsuz miqrasiya və bərpa olunan enerji siyasətini dəyişməli olduğunu bildirib, NATO müttəfiqlərinin zərurət yaranarsa ABŞ-a kömək edib-etməyəcəyinə dair şübhələrini gizlətməyib. Eyni zamanda Vaşinqtonun lazım gəldikdə alyans daxilində öhdəliklərinə sadiq qalacağını da qeyd edib. Bu açıqlamalar Avropa paytaxtlarında narazılıqla qarşılanıb, bəzi liderlər ABŞ-ın artıq etibarlı müttəfiq olmadığını açıq şəkildə dilə gətiriblər.
Avropa mediası və siyasi dairələri də Davosdakı atmosferin gərginliyinə diqqət çəkib. ABŞ rəsmilərinin çıxışları bəzən istehza və narazılıqla qarşılanıb, Avropa rəsmiləri Vaşinqtonun davranışını hörmətsizlik kimi qiymətləndiriblər. Paralel olaraq Ukrayna ilə bağlı səslənən qeyri-adi tövsiyələr və açıqlamalar sosial şəbəkələrdə ironiyaya səbəb olub, Kiyevdə isə bu məsləhətlər reallıqdan uzaq kimi dəyərləndirilib.
Forumun ən qalmaqallı məqamlarından biri Vladimir Zelenskinin Avropa ünvanına sərt ittihamları olub. Onun çıxışı bir sıra Avropa siyasətçiləri tərəfindən həddi aşmaq kimi qiymətləndirilib, bəzi liderlər Zelenskinin tonunu qəbuledilməz adlandırıblar. Avropanın Ukraynaya verdiyi dəstəyin yetərsiz olduğunu deməsi isə onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib. Davosdakı müzakirələr göstərib ki, Qərb daxilində Ukrayna mövzusu ətrafında fikir ayrılıqları getdikcə daha açıq şəkildə üzə çıxır.
Sədaqət Həsənova













