Qlobal enerji bazarlarında neftin qiymətində müşahidə olunan artım bir çox ölkələrdə iqtisadi gözləntiləri yenidən formalaşdırır. Xüsusilə, neft gəlirlərindən asılı olan dövlətlərdə bu tendensiya büdcə imkanlarının genişlənməsi və sosial xərclərin artırılması ehtimalını gündəmə gətirir. Bu isə cəmiyyətdə maaş və pensiyaların artacağı ilə bağlı ümidləri daha da gücləndirir.
Bəs neft qiymətlərinin yüksəlməsi doğrudanmı maaş və pensiyaların artmasına birbaşa zəmin yaradır?
Gündəm24.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qiymətlərin yüksəlməsi neft ixrac edən ölkələr üçün büdcə gəlirlərinin artması deməkdir.

Onun sözlərinə görə, bu, nəzəri olaraq maaş və pensiyaların artırılması üçün əlavə maliyyə imkanları yaradır:
“Xüsusilə, enerji gəlirlərindən asılı olan iqtisadiyyatlarda dövlət büdcəsinin formalaşmasında neft gəlirləri mühüm rol oynayır. Qiymətlərin artması ixracdan daxilolmaları artırır, nəticədə dövlətin sosial xərcləri genişləndirmək potensialı yüksəlir.
Əgər əlavə gəlirlər uzunmüddətli investisiyalara, infrastruktur layihələrinə və ya ehtiyat fondlarına yönəldilərsə, sosial ödənişlərin artımı dərhal baş verməyə bilər. Əksinə, sosial rifahın artırılması prioritet seçilərsə, maaş və pensiyalarda artım mümkündür”.
Akif Nəsirli əlavə edib ki, inflyasiya amili də nəzərə alınmalıdır. Belə ki, neft qiymətlərinin artımı bəzi hallarda daxili bazarda qiymətlərin yüksəlməsinə səbəb olur:
“Bu zaman maaş və pensiyalar artırılsa belə, real alıcılıq qabiliyyəti gözlənilən səviyyədə yüksəlməyə bilər. Yəni nominal artım real rifah artımı ilə eyni deyil.
Qiymətlərin tez-tez dalğalanması fonunda davamlı olmayan gəlir artımına əsaslanaraq uzunmüddətli sosial öhdəlikləri artırmaq risklidir. Bu səbəbdən əlavə gəlirlər çox vaxt sabitləşdirici fondlara yönəldilir və ya mərhələli şəkildə iqtisadiyyata daxil edilir”.
Nəticə etibarilə, neft qiymətlərinin artması maaş və pensiyaların yüksəldilməsi üçün müəyyən imkanlar yaratsa da, bu, birbaşa və avtomatik proses deyil. Qərarlar əsasən dövlətin iqtisadi strategiyasından, inflyasiya səviyyəsindən, büdcə balansından və uzunmüddətli maliyyə dayanıqlığına yanaşmasından asılı olaraq verilir./konkret.az/













