ABŞ Ədliyyə Nazirliyi pedofiliya ittihamları ilə gündəmə gəlmiş maliyyəçi Epşteyn barədə aparılan istintaq çərçivəsində əvvəllər açıqlanmayan üç FBİ hesabatını ictimaiyyətə təqdim edib. Sənədlərdə ABŞ Prezidenti Donald Tramp ilə bağlı iddiaların yer aldığı bildirilib.
Sfera.az xəbər verir ki, FBİ-nin hazırladığı hesabatlara görə, şəxsiyyəti açıqlanmayan bir qadın 2019-cu ilin iyul–oktyabr ayları arasında aparılan dörd ayrı müsahibə zamanı bildirib ki, o, 13-15 yaşlarında olarkən Epşteyn tərəfindən Nyu-York və ya Nyu-Cersi ştatına aparılıb və həmin vaxt Tramp ilə tanış etdirilib.
Qadın bu görüşlər zamanı cinsi istismara məruz qaldığını iddia edib.
Sənədlərdə qeyd olunub ki, dördüncü görüş zamanı qadın əlavə detallar verməkdən imtina edib. Rəsmilər isə bu iddiaların təsdiqlənmədiyini və hadisələrin 1980-ci illərin əvvəlləri ilə ortalarında baş verdiyi ehtimal olunduğunu bildiriblər. Həmçinin Epşteyn ilə Tramp arasında həmin iddialarla bağlı birbaşa əlaqəni təsdiqləyən konkret faktların qeydə alınmadığı vurğulanıb. Tramp daha əvvəl bu ittihamları qəti şəkildə rədd edib.
Ədliyyə Nazirliyi bildirib ki, “FBI 302” kimi tanınan bu hesabatlar əvvəllər açıqlanan milyonlarla səhifəlik Epsteyn sənədləri arasında yer almayıb. Qurumun açıqlamasına görə, sənədlər ilkin mərhələdə digər materialların təkrar nüsxələri olduğu düşünülərək “mükərrər” kimi qeydiyyata alınıb.
ABŞ Konqresindəki demokratlar isə sənədlərin qanunsuz şəkildə gizlədildiyini iddia edərək ədliyyə naziri Pam Bondi və administrasiyadan izahat tələb ediblər. Kaliforniyadan olan demokrat konqresmen Robert Qarsia bunu “qəbuledilməz və qanunsuz” addım kimi qiymətləndirib.
Ədliyyə Nazirliyi isə bu ittihamları əsassız və sensasion adlandıraraq bildirib ki, sənədlərdə yer alan iddialar 2020-ci il seçkilərindən əvvəl FBİ-yə təqdim olunmuş, lakin etibarlılığı təsdiqlənməmiş məlumatlardır. Qurumun açıqlamasında qeyd olunub ki, əgər bu iddiaların etibarlılığı olsaydı, Trampa qarşı artıq istifadə edilərdi.














