Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və qayıdış hüququ” mövzusunda III Beynəlxalq Konfrans çərçivəsində ABŞ-dan gələn Tennesi Texnologiya Universitetinin rektoru Prof. Michael Martin Gunterin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Prof. Gunter çıxışında qlobal səviyyədə mədəni irsin qorunması, tarixi irsə hörmət və zorakı məskunlaşma nəticəsində məcburi köçkünləşmiş icmaların hüquqlarının təmin edilməsi mövzusunda dərin elmi analizlər təqdim edib.
Çıxışında Gunter qayıdış hüququ ilə mədəni irsin bərpası arasında sıx əlaqə olduğunu vurğulayıb. O bildirib ki, tarixi torpaqlarından didərgin düşmüş icmaların mədəni və mənəvi irsinin qorunması həm hüquqi, həm də mənəvi öhdəlikdir. Rektor ABŞ və digər ölkələrdə həyata keçirilmiş mədəni irsin bərpası layihələri və icmaların hüquqlarının müdafiəsi üzrə konkret nümunələr göstərərək, bu təcrübələrin Qərbi Azərbaycan kontekstində də tətbiq oluna biləcəyini qeyd edib.
Prof.Gunter tarixi qəbiristanlıqların, mədəni abidələrin və dini irs obyektlərinin bərpasının əhəmiyyətini ayrıca vurğulayıb. O bildirib ki, bu abidələrin qorunması yalnız tarixi yaddaşı saxlamaqla kifayətlənmir, həm də icmaların mənəvi kimliyini qorumağa xidmət edir. Rektor beynəlxalq təşkilatların və ekspertlərin iştirakı ilə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb və Qərbi Azərbaycan icmasının üzləşdiyi çətinliklərin bu kontekstdə qiymətləndirilməsinin vacib olduğunu qeyd edib.
O, həmçinin icma və dövlət əməkdaşlığının önəmini xüsusi qeyd edib. Gunter mədəni irsin qorunması və qayıdış hüququnun təmin olunması sahəsində uğurlu layihələr üçün yerli icmaların iştirakı, beynəlxalq ekspertlərin dəstəyi və hüquqi mexanizmlərin birlikdə işləməsinin zəruri olduğunu bildirib. O, bu əməkdaşlıq modelinin həm ABŞ, həm də Avropa təcrübəsində uğurla tətbiq olunduğunu nümunələrlə izah edib.
Rektor çıxışında indiki Ermənistan ərazisində 650-dən çox Azərbaycan kəndinin və çoxsaylı şəhərlərin mövcudluğunu qəbul etməyin vacibliyini diqətə çatdırıb.
“Bu yaşayış məntəqələrinin və onların sakinlərinin acınacaqlı vəziyyəti dərin bir faciəni əks etdirir. Bir vaxtlar canlı və mədəni cəhətdən müxtəlif olan bu kəndlər və şəhərlər nəsillər boyu Azərbaycan ailələrinə ev sahibliyi etmişdir. Lakin müxtəlif tarixi şərait, münaqişələr və siyasi dəyişikliklər səbəbindən bu icmaların həyatı kəskin dəyişmiş, çoxları məcburi köçkünlük, zorakılıq və əcdadlarının torpaqlarından qovulma ilə üzləşmişdir.“ – deyə amerikalı alim vurğulayıb.
Bu Azərbaycan yaşayış məntəqələrinin və onların sakinlərinin yaşadığı faciə yalnız statistika ilə ölçülmür. Burada həyatın kəsilməsi, mədəni irsin yox olması və məcburi köçkünlük nəticəsində yaranmış dərindən təsir edən dəyişikliklər dayanır. Bu reallığı qəbul etməklə, həm tarixi həqiqətləri anlamaq, həm də münaqişələrdən zərər çəkmiş icmalar arasında anlaşma, empatiya və dialoqu gücləndirmək mümkündür. Nəticədə, bu yanaşma daha inklüziv, dayanıqlı və dinc bir gələcək üçün zəmin yaradır.













