Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün Erməni Apostol Kilsəsini ziyarət etməsi və keşişlərlə görüşü maraqla qarşılanıb. Xüsusilə sonra zamanlarda kilsə ilə yaşanan qarşıdurmalar və din xadimlərinin həbsləri fonunda Paşinyanın bu addımı diqqət çəkib.
Baş nazirin ziyarətini kilsə ilə barışma cəhdləri kimi qiymətləndirənlərlə yanaşı, bunun növbəti siyasi həmlə üçün bir planın parçası olduğunu düşünənlər də var.
Paşinyanla kilsə arasında nə baş verir? Gözlənilməz ziyarətin səbəbi nədir?
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, politoloq Kazım Kazımovun sözlərinə görə, baş nazir bütövlükdə kilsəyə qarşı müharibə elan etməyib:
“Onun əsas məqsədi kilsənin dövlət işlərinə müdaxiləsinin qarşısını almaq və onu siyasətdən uzaqlaşdırmaqdır. Çünki Ermənistan müstəqilliyin ilk illərində işğal siyasətinə başlayarkən dini amilləri bu prosesin təkanverici qüvvəsi, motivasiya mənbəyi rolunu oynayırdı. Bir çox keşiş də zaman-zaman işğala açıq dəstək verərək hücumlara “səlib yürüşü” təəssüratı qatırdı. Beləcə, xunta rejimləri ilə kilsə arasında ittifaq formalaşmışdı.
Paşinyan başa düşür ki, kilsənin kölgəsi siyasətin üzərində durduqca, o, istədiyi hədəflərə nail ola bilməyəcək. Kilsənin ciddi təsir gücü və geniş elektoral bazası var. Sadə dildə desək, hər gün yüzlərlə insan kilsəyə gəlir və onlara dövlət siyasətinə zidd mesajlar aşılanır. Təbii ki, bu da müasir, sivil siyasi idarəetməyə mane olur.

Kazım Kazımov
Paşinyan məhz kilsənin bu mövqeyinə qarşı çıxır. Yəni onun elan etdiyi vəziyyət bütövlükdə dövlətin kilsəyə qarşı müharibəsi deyil. Əksinə, baş nazir din ilə dövlət siyasətini ayırmağa çalışır. Rəqiblərlə barışığa gəlincə, sivil ölkələrdə ordu və din mənsubları siyasi rəqib olmur. Ermənistan isə sivil dövlət olmadığı üçün burada həm hərbçilərin, həm də din xadimlərinin nüfuzu yüksəkdir və onlar potensial siyasi rəqibə çevrilirlər.
Paşinyan bu gün Ermənistanda həm də sivil dövlət qurmağa çalışır. Onu da deyim ki, indiyə kimi bunu bacaran bir erməni lideri olmayıb. O baxımdan, 2026-cı il seçkiləri çox mühüm əhəmiyyət daşıyır”.











