Bakının Nizami rayonunda 31 yaşlı oğlan sevgi münasibətində olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 12-də baş verib. Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Elxan həmin gün gecə saat 00:50-də əvvəldən tanıdığı Zamirə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Onların mübahisəsinə səbəb isə münasibətlərin pozulması olub. Elxan baş vermiş mübahisə zamanı Zamirənn onu təhqir etməsindən hiddətlənib. Bu səbəbdən o, qəsdən yumruqla Zamirənin sifətindən iki dəfə vuraraq ona ümumilikdə müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Elxanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən Elxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını deyib.
Daha sonra ifadə verən zərərçəkmiş Zamirə də təqsirləndirilən şəxslə barışdığını deyib. O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.














