ABŞ dövlət katibi Marko Rubio İranın ABŞ gəmiçiliyini təhdid edən çox sayda ballistik raket və dəniz aktivlərinə sahib olduğunu vurğulayıb.
Gündəm24.az xəbər verir ki, Reuters-in əldə etdiyi məlumata görə, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ administrasiyası İranla təkcə nüvə dosyesini deyil, həm də ballistik raketlər də daxil olmaqla ənənəvi silahları müzakirə etməkdə israr edir. Rubio qeyd edib ki, İran ABŞ-ı, regiondakı bazaları və tərəfdaş ölkələri, o cümlədən BƏƏ, Qətər və Bəhreyndəki bazaları təhdid edən çoxsaylı ballistik raketlərə malikdir. Həmçinin, İranın gəmiçilik üçün təhlükə yaradan və ABŞ Hərbi Dəniz Qüvvələrini hədəf alan dəniz aktivləri də mövcuddur.
Rubio vurğulayıb ki, bu ənənəvi silah məsələləri də danışıqlarda müzakirə olunmalıdır. Fevralın 26-da Cenevrədə keçiriləcək növbəti danışıqlar əsasən nüvə dosyesinə yönələcək, lakin İranın ballistik raket mövzusunda açıqlama verməkdən imtina etməsi ciddi problem olaraq qalır. O əlavə edib ki, İran “həmişə nüvə proqramının elementlərini yenidən qurmağa çalışır” və hazırda zənginləşdirməsə də, sonda bacardıqları nöqtəyə çatmağa çalışırlar.
Yanvar ayında Ağ Ev xəbərdarlıq etmişdi ki, Tehran nüvə silahı planlarından tam imtina etməsə, güc tətbiq etməyə hazırdır. Fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə məsələsi üzrə danışıqların ikinci mərhələsi keçirilib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, tərəflər bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə ediblər, bu da gələcək razılaşma layihəsi üçün əsas ola bilər. ABŞ-ın vitse-prezidenti JD Vance isə danışıqların müəyyən aspektlər üzrə uğurlu olduğunu, lakin Tehran hələ Ağ Evin bəzi əsas mövqelərini qəbul etməyə hazır olmadığını açıqlayıb. Danışıqların üçüncü mərhələsi cümə axşamı keçiriləcək.
Sədaqət Həsənova














