Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və qayıdış hüququ” mövzusunda III Beynəlxalq Konfransda tanınmış amerikan alim, Harvard Universitetinin Devis Mərkəzində Soyuq Müharibə Tədqiqatları Layihəsinin direktoru Dr.Mark Nathan Kramer çıxış edib. O, “Qayıdış hüququ və mədəni irs: hüquqi və mənəvi əsaslar” mövzusundakı I panelin əsas məruzəçilərindən biri olub.
Dr.Kramer çıxışında bildirib ki, müharibə minilliklər boyunca mədəni irsin ən böyük düşməni olub, çünki hər bir münaqişə mədəni yerlərin dağıdılması, artefaktların talanı və irs obyektlərinə uzun müddət girişin məhdudlaşdırılması ilə müşayiət olunub.
Alim tarixi mənbələrə istinad edərək qeyd edib ki, beynəlxalq hüquqda mədəni irsin tamhüquqlu qorunması ideyası çox gec formalaşıb. O, Hugo Grotiusun 1625-ci ildə yazdığı De jure belli ac pacis əsərində müharibə zamanı hətta “müqəddəs əşyaların” belə məhv edilməsinə icazə verildiyini xatırladaraq bildirib:
“Bu müddəa əsrlər boyu hüquqi düşüncəyə təsir etdi və mədəni irsi müdafiəsiz qoydu.”
Onun sözlərinə görə, yalnız XVIII əsrdən başlayaraq, xüsusən Emmerich de Vattel və digər hüquqşünasların fəaliyyətindən sonra mədəni irsin qorunması beynəlxalq hüququn bir sahəsinə çevrilməyə başlayıb. XIX əsrdə bu tendensiya daha da güclənib və II Dünya Müharibəsindən sonra beynəlxalq hüquqda ciddi dönüş yaranıb.
Dr.Kramer vurğulayıb ki, Nürnberq və Tokio məhkəmələrindən sonra silahlı münaqişələrdə mədəni mülkiyyətə qarşı hücumlar beynəlxalq adət hüququnun pozuntusu kimi qəbul olunmağa başladı. Bunun ardından mühüm sənədlər – 1949-cu il Cenevrə Konvensiyaları, 1954-cü il Haaqa Konvensiyası və onun protokolları hazırlanaraq qəbul edildi.
Alim bildirib ki, 1954-cü il Haaqa Konvensiyası mədəni irsin həm müharibə, həm də sülh dövründə qorunmasını tələb edən ilk və ən mühüm beynəlxalq çərçivədir: “Bu sənədlər bütün bəşəriyyətə məxsus mədəni dəyərlərin toxunulmazlığını təmin edir.”
Bununla belə, Dr.Kramer vurğulayıb ki, sənədlərin mövcudluğu onların tətbiqinin tam təmin edildiyi mənasına gəlmir. O qeyd edib ki, demokratik dövlətlər mədəni irsin qorunmasına avtoritar rejimlərdən daha çox diqqət versələr də, praktiki nəticələr bəzən “qarışıq və qeyri-kafi” olur.
Dr.Kramer çıxışının sonunda mədəni irsin qorunmasının yalnız normativ öhdəlik deyil, həm də mənəvi məsuliyyət olduğunu qeyd edərək konfransın bu istiqamətdə müzakirələrin dərinləşməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.














