Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyev idarənin qadın işçilərinə qarşı xüsusi “rejim” tətbiq edib.
Gündəm24.az xəbər verir ki, bu barədə Oxu.Az-a videogörüntü və səsyazısı təqdim olunub. Həmin görüntü və səsyazılarında iddia olunur ki, A.Quliyev idarənin 12 qadın əməkdaşını xüsusi rejimdə işlədir. Belə ki, qurum rəhbərinin tapşırığı ilə həmin xanımlar və onlara nəzarət edən işçilər arasında “Şəhər-2” “WhatsApp” qrupu yaradılıb.
Qaydalara əsasən, qadınlar hər gün səhər saat 09:00-dan 18:00-a qədər rayon ərazisində istifadəsiz kanalın ətrafında postlar qurmalı və həmin kanalı mühafizə etməlidirlər. Qadınlar xüsusi məsafələrlə kanalboyu düzülüb, həmin kanala “nəzarət” edirlər. Axşam saat 18:00-a qədər ərazini tərk edən xanım işçi dərhal işdən azad edilir.
Qaydalara görə, həmin qadınlar səhər saat 09:00-dan başlayaraq, hər iki saatdan bir telefonla olduğu ərazini, mühafizə etdiyi yeri, saatı deməklə videogörüntü çəkməli, A.Quliyevin tapşırığı ilə yaradılmış qrupa atmalıdır. Həmin görüntülər hər qadına verilən xüsusi “kod” vasitəsilə deyilməlidir. Videolar qrupda A.Quliyevin təyin etdiyi nəzarətçi kişi tərəfindən yığılaraq “arxivləşdirilir” və rəisə təqdim edilir.
Ən qəribəsi isə odur ki, gün ərzində kanalın yanında “post”da dayanan hər bir qadın təbii ehtiyaclarını ödəmək üçün (ayaqyoluya getmək üçün) günün sonuna qədər cəmi bir dəfə olmaqla, 20 dəqiqə müddətinə ərazini tərk edə bilər. 20 dəqiqədən gec “post”a qayıdan qadın işdən çıxarılır.














