Sumqayıtdan olan məktəblilər qəbul imtahanında yüksək nəticə göstəriblər.
Sumqayit24.az xəbər verir ki, həmin məktəblilərdən biri də Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin məzunu Zamin Kərimovdur.
Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent Kərimov Zamin imtahanın birinci mərhələsində 297.5, ikinci mərhələsində isə 392.5 bal toplayıb.
Zamin Kərimov əldə etdiyi uğuru barədə təəssüratlarını Sumqayit24.az-a bölüşüb.
O, yaxşı nəticə göstərə biləcəyini düşünsə də, bu qədər yüksək bal toplayacağını gözləmirmiş.
Zamin uğurunun sirrini və telefondan istifadəsi barədə danışıb.
“Planlı və keyfiyyətli çalışmaq, özünə inanmaq və dua etmək mənim üçün əsas amillər idi. Telefondan normal şəkildə istifadə etmişəm və bunun təhsilimə heç bir mənfi təsiri olmayıb”, – deyə qeyd edib.
Gələcək planlarından danışan Zamin maliyyə ixtisası üzrə təhsil almaq istədiyini bildirib:
“Maliyyə ixtisasını seçmək istəyirəm. Universitet seçimim hələ dəqiq deyil, amma hazırda fikrimdə BANM və ADA Universiteti var”.














