İranın Əfqanıstandakı səfirliyinə aid sosial şəbəkə hesabında paylaşılıb, qısa müddət sonra silinən bir məlumat bölgədə geniş müzakirələrlə nəticələnib. İddiaya görə, İslam Respublikasının Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisində yerləşən AN/TPY-2 radar bazasına raket zərbəsi endirməsindən sonra İran və İraqda uzun sürən quraqlıq qəfil dayanıb və güclü yağışlar başlayıb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə GZT nəşri məlumat dərc edib.
Sosial mediada yayılan iddialara görə, vurulduğu deyilən baza yalnız raketləri izləməyib, eyni zamanda hava şəraitinə təsir göstərən texnologiyalara malik olub. Bu versiyalara görə, yüksək tezlikli dalğalar vasitəsilə atmosferə müdaxilə edilib, yağış buludlarının istiqaməti dəyişdirilib. Hətta bu texnologiyanın regionda su ehtiyatlarını azaltmaq və əraziləri quraqlaşdırmaq, eləcə də kənd təsərrüfatını və heyvandarlığı məhv etmək və torpaqları səhralara çevirmək məqsədi daşıdığı da iddia olunur.
Eyni zamanda bildirilir ki, sözügedən bazanın sıradan çıxmasından sonra İran və İraqda müntəzəm yağışlar başlayıb, temperatur isə təxminən 5 dərəcə aşağı düşüb. Bu vəziyyət, xüsusilə su qıtlığı ilə mübarizə aparan İran üçün diqqətçəkici hesab olunur və ölkədə paytaxtın köçürülməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Qeyd edilir ki, iqlimin hərbi məqsədlərlə istifadə olunması yeni mövzu deyil. Belə ki, BƏƏ və İsrail tərəfindən hazırda irəli sürülən “yağış oğurluğu” iddialarını dəstəkləyənlər ABŞ-ın keçmiş müharibə təcrübələrinə istinad edirlər. Rəsmi hərbi sənədlərdə əks olunan qeydlərə görə, ABŞ ordusu Vyetnam müharibəsi zamanı iqlimdən təsirli bir silah kimi yararlanıb. Düşmən qüvvələrinin logistika yollarını çirkləndirmək üçün musson yağışları süni şəkildə manipulyasiya olunub. Bu səbəbdən regionda səslənən iddialar sosial mediada daha da geniş rezonans doğurur.














