İranın BMT-dəki Daimi Nümayəndəliyi xəbərdarlıq edib ki, ABŞ hərbi müdaxilə edərsə, İran xalqı öz ölkələrini müdafiə etməyə hazırdır.
Gündəm24.az xəbər verir ki, İranın BMT-dəki Daimi Nümayəndəliyi ABŞ Prezidenti Donald Trampın İrana hücum etməyə hazır olduğu barədə açıqlamasına X sosial media platformasında cavab verib. Missiya bildirib ki, “Amerikanın İrana qarşı fantaziyaları və siyasəti rejim dəyişikliyinə əsaslanır” və əlavə edib: sanksiyalar, təhdidlər, iğtişaşlar və xaos hərbi müdaxilə üçün bəhanə kimi istifadə olunur. Bu ssenari əvvəllər də uğursuz olub və İran xalqı öz ölkəsini müdafiə edəcək. Şübhəsiz ki, bu ssenari yenə də uğursuz olacaq.
İranda ötən ilin sonlarında milli valyutanın devalvasiyası səbəbindən etirazlar başlayıb. Bu, topdan və pərakəndə satış qiymətlərinə təsir göstərib və valyuta məzənnəsində kəskin dalğalanmalara səbəb olub. Etirazlar 8 yanvardan etibarən şiddətləndi. 1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvinin açıqlamaları gərginliyi daha da artırdı. Pəhləvi ümumi tətil və strateji əhəmiyyətli küçə və binaların işğalına çağırıb və Trampdan İrandakı vəziyyətə müdaxilə etməsini istədi.
İranın bəzi şəhərlərində nümayişlər təhlükəsizlik qüvvələri ilə toqquşmalara çevrilib və mövcud siyasi sistemə qarşı şüarlar səsləndirilib. Hər iki tərəfdən itkilər barədə məlumat verilib. İran prezidenti Məsud Pazaşkian xalqa iqtisadi islahatları davam etdirəcəyinə və ortaya çıxan problemləri həll edəcəyinə söz verərkən, ABŞ və İsraili iğtişaşları təşkil etməkdə günahlandırıb. Pazaşkian vətəndaşları radikalların əsl tələbləri əvəz etməsinin qarşısını almaq üçün küçələrə çıxmağa çağırıb.
Sədaqət Həsənova













