Xəbər verdiyimiz kimi, 5 mart 2026-cı il tarixində İran ərazisindən Naxçıvan Muxtar Respublikasına, xüsusilə mülki infrastruktur hesab olunan Beynəlxalq Hava Limanına və təhsil müəssisələrinin yaxınlığına edilən pilotsuz uçuş aparatı (PUA) hücumları regionda gərginliyi pik həddə çatdırıb. Ali dini liderin ölümündən sonra daxili qarışıqlıq və xarici təzyiqlərlə üzləşən Tehran rejiminin bu addımı Bakıda və beynəlxalq aləmdə kəskin etirazla qarşılanıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında verilən mesajlar Azərbaycanın öz suverenliyini qorumaq əzmini bir daha nümayiş etdirdi.
Bəs, İran niyə məhz Naxçıvanı hədəf seçdi? Bu hücumun arxasında hansı strateji hədəflər dayanır? Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Oxu24.com-un suallarını cavablandırıb.

-Naxçıvanın geosiyasi mövqeyi nəzərə alınsa, bu hücum hansı strateji mesajı ehtiva edə bilər?
-İranın Naxçıvan Muxtar Respublikasını hədəf alması, Azərbaycan ilə İran arasındakı gərginliyi artırmaqla yanaşı, eyni zamanda regiondakı geosiyasi vəziyyətə də ciddi təsir göstərə biləcək bir addım kimi qiymətləndirilməlidir. Bu hücumun arxasında bir neçə strateji məqsəd dayanır və həmçinin, beynəlxalq hüquq və diplomatik baxımdan müxtəlif nəticələrə yol aça bilər.
Azərbaycan Prezidentinin bu məsələyə dair verdiyi bəyanatlar da vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir.
Məlumdur ki, Naxçıvan həm coğrafi, həm də geosiyasi baxımdan çox mühüm bir ərazidir. Azərbaycanın əsas hissəsindən ayrılmış bu ərazi, Türkiyə ilə birbaşa sərhədi olan yeganə Azərbaycan bölgəsidir. Bu, Naxçıvanı yalnız Azərbaycan üçün deyil, həm də Türkiyə üçün də strateji baxımdan əhəmiyyətli bir nöqtə edir.
İranın Naxçıvana zərbə endirməsi, yalnız Azərbaycanı təhdid etmək deyil, Türkiyəyə də dolaylı bir mesajdır. Bu hərəkət, regionda güc balansını pozma cəhdi kimi də qiymətləndirilə bilər. İran Naxçıvanı hədəf alaraq, həm Azərbaycanın, həm də Türkiyənin təhlükəsizliyini təhdid etməyə çalışır. Bu, regiondakı güc mübarizəsində İranın öz mövqeyini daha da möhkəmlətməyə çalışmasının göstəricisidir. Əslində, bu hücum, həm də beynəlxalq aləmdə, xüsusən də Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqliyi hədəfə almaq məqsədini daşıyır.
Başqa sözlə İranın bu addımı, Türkiyəyə və Azərbaycan dövlətinə qarşı həm hərbi, həm də diplomatik bir təzyiq formasıdır.
Naxçıvana edilən bu hücum, beynəlxalq hüquq baxımından ciddi nəticələrə yol aça bilər. Bu hücum ölkələrin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı ilə bağlı beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.














