“Çox maraqlıdır ki, “iş qurmaq” adı ilə mənə külli miqdarda dələduzluq edilsin və hansısa səbəblərdən həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilməyərək polisin nəzarətinə verilsin.
Mən bu günə qədər susmuşamsa, bu, yalnız öz iradəmə, qadınlığıma və iki övladıma görə olub. Həmin şəxsin həyat yoldaşı mənə müraciət edərək, üç qız övladını nəzərə alaraq möhlət istəmiş, dəymiş zərərin ödənilməsini öz üzərinə götürdüyünü bildirmiş və xüsusilə bu məsələni ictimailəşdirməməyimi xahiş etmişdir.
Lakin barəsində dələduzluq maddəsi ilə cinayət işi açılmış şəxs həbs edilməsə də, bu günə qədər mənə dəymiş zərər ödənilməyib.Əksinə, ödənişdən imtina ediləcəyi bildirilib”.
Gündəm24.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri influenser Fidan Zeyn küllü miqdarda dələduzluqda ittiham edilən “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barədə yazıb.
Fidan Zeyn iddia edir ki, K.Həmzəyeva hazırda azadlıqda olmasından istifadə edərək zərərçəkmiş şəxslərə təzyiq göstərir:
“Müxtəlif yollarla qorxu yaratmağa çalışması, barəmizdə yalan
məlumatlar yayacağı ilə hədələməsi halları mövcuddur. Bu isə onun azadlıqda qalmasının istintaqın normal gedişinə mane olmasına, zərərçəkmiş
şəxslərə təzyiq etməsinə və yeni hüquqazidd əməllər törətmə ehtimalına
əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki,
həmin şəxs barəsində daha ağır qətimkan tədbirinin – həbs qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər zərurət mövcuddur. Xahiş edirəm, həmin şəxsin polisin nəzarəti qətimkan tədbiri ləğv edilərək barəsində həbs
qətimkan tədbirinin seçilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görülməsi barədə göstəriş verəsiniz. Müraciətim Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Azərbaycan Respublikasının Baş
Prokuroru cənab Kamran Əliyevə və Xəzər Rayon Polis İdarəsinin rəhbərliyinə ünvanlanır”.
Qeyd edək ki, “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, daha əvvəl tanınmış influenser Fidan Zeyn, “Azerina” adı ilə tanınan psixoloq və “life coach” Əfsanə Qasımlı və bloger Aypara Məmmədova “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onlara qarşı dələduzluq etdiyini və küllü miqdarda vəsaiti mənimsədiyini iddia etmişdilər.














