Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda keçirilən III beynəlxalq konfransın IV panelində Latviyanın Nəqliyyat və Telekommunikasiya İnstitutunun professoru Juris Maklakovs “Beynəlxalq əməkdaşlıq: qlobal dəstəyin səfərbər olunması” mövzusunda çıxış edib.
Professor Juris Maklakovs bildirib ki, beynəlxalq ictimaiyyət mədəni irsin qorunmasının və məcburi köçkün xalqların hüquqlarının bərpasının ədalət, barışıq və davamlı sülh üçün əsas şərt olduğunu getdikcə daha dərindən dərk edir. O, Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin sadəcə maddi obyektlər deyil, yaddaş, kimlik və əcdad torpaqları ilə bağlılıq olduğunu vurğulayıb.
Çıxışda qeyd olunub ki, mədəni irsin məhv edilməsi və ya dəyişdirilməsi təkcə mədəni faciə deyil, eyni zamanda tarixi həqiqətə və insan ləyaqətinə zərbədir. Professor beynəlxalq hüququn münaqişədən sonrakı dövrdə irsin qorunması və bərpasını həm hüquq, həm də vəzifə kimi təsbit etdiyini diqqətə çatdırıb.
J.Maklakovs bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayaraq bildirib ki, sistemli şəkildə zədələnmiş mədəni irsin qorunması və bərpası tək bir qurumun səyləri ilə mümkün deyil. Onun sözlərinə görə, dövlətlər, beynəlxalq təşkilatlar, akademik dairələr və vətəndaş cəmiyyəti ardıcıl və prinsipial yanaşma formalaşdırmalıdır.
Professor çıxışında beynəlxalq əməkdaşlıq mexanizmləri sırasında UNESCO, ICOMOS və ICCROM kimi qurumların cəlb olunması, peyk monitorinqi və rəqəmsal irs xəritələşdirilməsi, diplomatik platformalarda irs məsələsinin gündəmə gətirilməsi, beynəlxalq hüquqi mexanizmlərdən istifadə, elmi-tədqiqat əməkdaşlığı və QHT-lərin fəal rolunu xüsusi qeyd edib.
Qərbi Azərbaycan İcmasının bu prosesdə mühüm rol oynadığını bildirən Juris Maklakovs vurğulayıb ki, İcmanın qayıdış hüququnun müdafiəsi, mədəni irsin məhv edilməsinin sənədləşdirilməsi və dinc yanaşı yaşama çağırışları beynəlxalq əməkdaşlıq üçün etibarlı zəmin yaradır.
Sonda professor qeyd edib ki, Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası yalnız fiziki obyektlərin deyil, eyni zamanda etimadın, ədalətin və insan ləyaqətinin bərpası deməkdir. O, beynəlxalq ictimaiyyəti bu istiqamətdə birgə səyləri gücləndirməyə çağırıb.













