Ərdoğan may-iyun aylarında Serbiyaya səfər edəcəyini açıqlayaraq, “Dünyada artan qeyri-müəyyənlik dövründə Türkiyə olaraq yaxın ətrafımızda sülhün bərqərar olması üçün çalışırıq” demişdi. Vuçiç isə “Bu gün hərbi əməkdaşlıqdan danışdıq. İnanıram ki, əməkdaşlığa nail ola bilsək, hamımız birlikdə burada sülhü qoruya bilərik” dedi.
Gündəm24.az xəbər verir ki, Sputnik Türkiyənin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın genişləndiyini bildirib. O qeyd edib ki, ötən il ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb və tərəflər 5 milyard dollarlıq hədəfə doğru irəliləyir. Ərdoğan həmçinin Türkiyə şirkətlərinin Serbiyada 1500 layihə həyata keçirdiyini, ümumi investisiyanın 300 milyon dolları keçdiyini və EXPO 2027 sərgisində iştirak edəcəklərini açıqlayıb.
Liderlər turizm və nəqliyyat əlaqələrinin genişləndirilməsini, xüsusilə uçuşların artırılmasını da müzakirə ediblər. Ərdoğan qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə regionda sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb. Vuçiç isə ilk dəfə hərbi və texniki əməkdaşlıq məsələlərinin gündəmə gəldiyini bildirərək, birgə addımların sülhün qorunmasına töhfə verəcəyinə inandığını deyib. Görüşün sonunda Ərdoğan may və ya iyun ayında Serbiyaya səfər etməyi planlaşdırdığını açıqlayıb.
Sədaqət Həsənova














