Azərbaycanda yumurta qiymətlərinin kəskin ucuzlaşması ilə bağlı sosial şəbəkələrdə bir sıra iddialar səsləndirilib.
Belə ki, bəzi istehlakçılar 1 qəpiyə aldıqları yumurtaların normal yumurta olmadığını və görüntüsündə müəyyən fərqliliyin olduğunu bildiriblər. Xüsusilə həmin yumurtaların süni olduğu iddia edilib.
Bəs yumurtanın köhnə və ya süni olduğunu necə anlamaq olar?
Sfera.az-a bu haqda açıqlama verən qida eksperti Fərid Səfərov bu cür videolara əsaslanaraq yumurtanın keyfiyyəti və ya təhlükəsizliyi haqqında dəqiq nəticə çıxarmağın düzgün olmadığını qeyd edib:

“Yumurtanın sarısının bıçaqla kəsilərkən dağılmaması və ya elastik görünməsi bir neçə səbəbdən qaynaqlana bilər. Əgər yumurta təzədirsə, sarını əhatə edən nazik qişa daha möhkəm olur və sarı öz formasını yaxşı saxlayır. Bəzi hallarda isə yumurtanın saxlanma şəraiti də onun quruluşuna təsir edir. Məsələn, yumurta çox aşağı temperaturda saxlanılıbsa və ya qismən donubsa, sonradan əridikdən sonra sarının və ağ hissənin konsistensiyasında dəyişikliklər yarana bilər. Bu zaman sarı daha qatı və elastik görünə bilər”.
Mütəxəssis köhnə yumurtanın quruluşu haqqında da açıqlama verib:
“Köhnə yumurtalarda isə adətən əksinə vəziyyət müşahidə olunur. Vaxt keçdikcə sarını saxlayan qişa zəifləyir, ağ hissə durulaşır və sarı daha asan dağılır. Yəni sarının parçalanmaması təkbaşına yumurtanın köhnə olmasının göstəricisi hesab edilmir. Bundan başqa, toyuğun yemlənməsi, yumurtanın növü və saxlanma müddəti də sarının quruluşuna müəyyən təsir göstərə bilər. Nəticə olaraq, videolarda görünən görüntülərə əsasən həmin yumurtaların köhnə, saxta və ya sağlamlıq üçün təhlükəli olduğunu demək mümkün deyil. Bunun səbəbi təzəlik dərəcəsi, saxlanma temperaturu, qismən donma və digər texnoloji amillər ola bilər. Dəqiq qiymətləndirmə üçün yumurtaların laborator müayinədən keçirilməsi və rəsmi qurumların araşdırma nəticələrinin açıqlanması vacibdir”.
Qeyd edək ki, son günlərədək 1 ədədi 9-17 qəpiyə təklif edilən yumurta, marketlərdə 3-4 qəpiyədək ucuzlaşıb. Hətta yumurtanın qiymətində kəskin endirim edərək 1 ədədini 1 qəpiyə satan marketlər də var.













