Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov ilə Vyana Beynəlxalq Arbitraj Mərkəzinin Moldova Respublikasına səfiri, Moldova–Aİ Assosiasiya Sazişi üzrə arbitr Dr. Sorin Dolea arasında ikitərəfli görüş keçirilib.
Vahid Novruzov görüşün əvvəlində iştirak üçün təşəkkürünü bildirərək Prezident İlham Əliyevin son videogörüntülü müraciətində vurğuladığı ardıcıl sülh siyasətindən və regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan danışıb. O bildirib ki, Azərbaycan–Ermənistan sülhünün bərpası üçün yeni imkanlar yaranıb və Qərbi Azərbaycan İcmasının yaradılması konsepsiyası bu prosesin mühüm hissəsidir. Qərbi azərbaycanlıların qayıdış hüququnun beynəlxalq qonaqlar tərəfindən dəstəklənməsi qeyd olunub. Vahidov həmçinin 8 avqust Vaşinqton anlaşmasını xatırladıb.
O, Azərbaycanın işğal dövründə qarşılaşdığı çətinliklərdən, torpaqların azad olunması və tam suverenliyin bərpa edilməsindən danışaraq cari ilin ölkədə Suverenlik İli elan olunduğunu bildirib.
Dr. Sorin Dolea təşkilatçılığa görə təşəkkür edərək qayıdış hüququnun fundamental insan hüququ olduğunu vurğulayıb və Bakıya ikinci səfərindən məmnunluğunu ifadə edib. O, Moldovada ölkənin iqtisadi inkişafına töhfə verən çoxsaylı azərbaycanlı sahibkarların fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan və Moldova arasında həm dövlət, həm də şəxsi səviyyədə mövcud olan ənənəvi isti münasibətlərdən bəhs olunub. Vahid Novruzov Azərbaycanın bütün qonşuları ilə sülh siyasəti yürütdüyünü, regional iqtisadi inkişafın prioritet olduğunu qeyd edib. O bildirib ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də əlavə iqtisadi imkanlar yaradacaq. Prezident İlham Əliyevin də vurğuladığı kimi, qərbi azərbaycanlıların qayıdışı yalnız sülh yolu ilə həyata keçiriləcək.
Sorin Dolea qayıdış konsepsiyasının beynəlxalq hüquqa tam uyğun şəkildə icra olunduğunu qeyd edib.
Görüş qarşılıqlı təşəkkür, uğur arzuları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilati dəstəyinə verilən yüksək qiymətləndirmə ilə yekunlaşıb.

















