UEFA Gənclər Liqasının əsas mərhələsində “Napoli” – “Qarabağ” U-19 qarşılaşması güclü yağış səbəbindən dayandırılıb. Bir neçə dəqiqəlik fasilədən sonra görüşün çexiyalı baş hakimi oyunun bərpa edilməsi barədə qərar verib.
Gündəm24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, İtaliyanın “Cuzeppe Pikkolo” stadionunda keçirilən matç 61-ci dəqiqədə leysan yağışın şiddətini artırması ilə yarıda qalıb.
Məlumata görə, süni örtüklü meydançanın su altında qalması oyunun davamını mümkünsüz edib. Belə ki, komandalar paltardəyişmə otağına yollanaraq baş hakim Dominik Starın yekun qərarını gözləməyə başlayıblar. Fasiləyə qədər hesab “Napoli”nin xeyrinə olub – 1:0. Hesabı 4-cü dəqiqədə Kristian Raggioli açıb.
Qeyd edək ki, oyundan öncə Neapolda hava şəraitinin pisləşməsi səbəbindən narıncı xəbərdarlıq elan edilsə də, “Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev saytımıza açıqlamasında matçın təxirə salınmasının gündəmdə olmadığını bildirmişdi.














