Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfransın ilk panel iclasında Türkiyə İbn Haldun Universiteti, Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Prof. Yaşar Sarı video təqdimatla çıxış edib. O, çıxışında Qərbi Azərbaycanlıların mədəni irsinin bərpası, qayıdış hüququnun beynəlxalq hüquqi konteksti və prosesin praktik mərhələləri ilə bağlı mühüm məqamları diqqətə çatdırıb.
Prof. Sarı beynəlxalq konvensiyaların – 1954-cü il Haaqa Konvensiyası, 1970-ci il UNESCO Konvensiyası və insan hüquqları çərçivələrinin – Qərbi Azərbaycanlıların mədəni irsinin qorunması və bərpası üçün hüquqi əsas yaratdığını qeyd edib. Onun sözlərinə görə, mədəni irsin məhv edilməsi təkcə abidələrə zərbə deyil, eyni zamanda kollektiv insan hüquqlarının pozuntusudur.
Təqdimatda qayıdışın mərhələli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Alimin sözlərinə görə, təhlükəsizlik zəmanətləri və beynəlxalq yoxlama mexanizmlərini özündə birləşdirən hüquqi cəhətdən məcburi beynəlxalq saziş qayıdış prosesinin əsas sütunlarından biri olmalıdır. O, həmçinin planlaşdırmanın humanitar, sosial-iqtisadi və təhlükəsizlik aspektlərini əhatə etməli olduğunu, BMT Qaçqınlar üzrə Ali Komissarlığının isə bu işin prioritet icraçı tərəfdaşına çevrilə biləcəyini bildirib.
Geri qayıdışdan sonrakı mərhələ ilə bağlı Prof. Sarı azərbaycanlıların Ermənistanda ana dilində təhsil almaq, dövlət qurumlarında dilindən sərbəst istifadə etmək kimi mədəni hüquqlarının təmin edilməsinin vacibliyini vurğulayıb. O, kollektiv hüquqların qorunması baxımından Qərbi Azərbaycanlıların deportasiyadan əvvəlki məskunlaşma konfiqurasiyasının bərpasının önəmini qeyd edib.
Çıxışda həmçinin Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə apardığı diplomatik fəaliyyətə toxunulub. Alim bildirib ki, İcma hazırda müxtəlif dövlət və təşkilatlarla əməkdaşlıq quraraq qayıdış hüququnun beynəlxalq hüquqi çərçivəsini formalaşdırmaq üzərində çalışır. Ermənistanın məsuliyyətdən yayınması və qayıdış hüququnun inkarı fonunda, yayılmış yanlış məlumatlara qarşı mübarizə aparılır. Bu konteksdə Azərbaycan Prezidentinin mövqeyi – qayıdış hüququnun dövlətin xarici siyasətində əsas prioritet olaraq qalması – xüsusi olaraq xatırladılıb.
Prof. Sarının fikrincə, Qərbi Azərbaycanlıların qayıdış hüququ həm beynəlxalq hüquqa uyğun fundamental insan hüququ, həm də tarixi ədalətin bərpasına xidmət edən mənəvi imperativdir. Bu prosesin uğurlu icrası fiziki dönüşlə yanaşı mədəni irsin bərpasını, xatirələrin qorunmasını və barışıq üçün yeni məkanın formalaşdırılmasını tələb edir.
Onun sözlərinə görə, bu hüquqların təmin edilməsi regionda davamlı sülh və ədalətə gedən yolun ən vacib şərtlərindən biridir.














