Bild-in məlumatına görə, Danimarkaya məxsus hərbi nəqliyyat təyyarəsi dünən gecə Qrenlandiyanın paytaxtı Nuuk hava limanına eniş edib.
Gündəm24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin zəruriliyi ilə bağlı açıqlamaları fonunda Avropa ölkələrindən ilk hərbçilər adaya çatıb. Məlumata görə, Danimarkaya məxsus hərbi nəqliyyat təyyarəsi gecə saatlarında Qrenlandiyanın paytaxtı Nuuk hava limanına eniş edib və göyərtəsində danimarkalı hərbçilərlə yanaşı Fransa silahlı qüvvələrinin nümayəndələri də olub.
Eyni vaxtda adanın qərbində yerləşən Kangerlussuaq hava limanına digər Danimarka “Herkules” təyyarəsi enib. Bildirilir ki, hər iki təyyarə uçuş zamanı transponderlərini söndürüb.
Yaxın vaxtlarda ilk 13 alman əsgərinin də Nuuka çatacağı gözlənilir. Almaniya ilə yanaşı Böyük Britaniya, Kanada, Hollandiya, Norveç və İsveç də qoşun yerləşdirilməsi missiyasında iştirak edəcək. Missiya NATO vasitəsilə deyil, birbaşa Kopenhagen tərəfindən əlaqələndirilir.
Qeyd edək ki, Tramp yanvarın 14-də Danimarkanın etirazlarına baxmayaraq, ABŞ-ın Qrenlandiyanı əldə etmək niyyətinə sadiq qaldığını bəyan edib.
Sədaqət Həsənova














