Qərbi Azərbaycan kəndləri – Xoşkotan
Xoşkotan kəndi Qərbi Azərbaycanın tarixi yaşayış məntəqələrindən biridir. Kənd keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar Barana (Noyemberyan) rayonunda yerləşib. Hazırda Ermənistanın Tavuş vilayətinin ərazisinə daxildir. Kənd Karvansara (İcevan) şəhərindən təxminən 31 kilometr məsafədə, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir.

Xoşkotan adının mənası
Xoşkotan toponiminin mənşəyi qədim türk sözləri ilə əlaqələndirilir. Mənbələrdə adın “koş” və “kotan” sözlərinin birləşməsindən yarandığı bildirilir. “Koş” sözü düşərgə, yurd və icma, “kotan” isə heyvanların saxlandığı yer və çobanların otlaq məskəni mənalarında işlənib. Bu izaha əsasən, Xoşkotan adı yurd və heyvandarlıqla bağlı yaşayış məntəqəsini ifadə edə bilər.
Kəndin tarixi taleyi
Mənbələrdə Xoşkotanda əvvəlcə azərbaycanlıların yaşadığı qeyd olunur. Sonrakı dövrlərdə bölgədə ermənilərin məskunlaşması ilə azərbaycanlı əhali kəndi tədricən tərk edib. Kəndin adı 25 yanvar 1978-ci ildə dəyişdirilərək Voskevan qoyulub. 1995-ci ildən isə Tavuş vilayətinin inzibati ərazisinə daxil edilib.
Xoşkotan adı bu gün tarixi Azərbaycan toponimlərindən biri kimi yaddaşlarda yaşayır. Kəndin adı, coğrafi mövqeyi və toponiminin mənşəyi Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














