Sərdarabad mahalı: Qərbi Azərbaycanın Araz sahilindəki bərəkətli yurdu
Qərbi Azərbaycanın tarixi mahallarından biri olan Sərdarabad mahalı əsrlər boyu Azərbaycan xalqının yaşadığı, zəngin təsərrüfatı və strateji mövqeyi ilə seçilən bölgələrdən biri olub. İrəvan xanlığının mühüm inzibati vahidlərindən sayılan bu mahal Araz çayının yaxınlığında yerləşərək bölgənin iqtisadi və sosial həyatında mühüm rol oynayıb.
Sərdarabad mahalının adı XVIII əsrdə İrəvan xanlığının tanınmış hökmdarı Hüseynəli xanın oğlu, İrəvan sərdarı Həsən xanın fəaliyyəti ilə əlaqələndirilir. Tarixi mənbələrə görə, burada salınan yaşayış məntəqəsi və qala sonradan “Sərdarabad” adlandırılıb. Mahal əlverişli coğrafi mövqeyi sayəsində həm müdafiə, həm də ticarət baxımından əhəmiyyətli əraziyə çevrilib.
Arazboyu münbit torpaqlara malik olan Sərdarabadda əhali əsasən əkinçilik, taxılçılıq, pambıqçılıq, üzümçülük və heyvandarlıqla məşğul olurdu. Bol su ehtiyatları və məhsuldar düzənliklər bölgədə kənd təsərrüfatının inkişafına geniş imkan yaradırdı. Mahalın kəndlərində azərbaycanlı ailələr yaşayır, milli adət-ənənələr, xalq yaradıcılığı və dini dəyərlər qorunub saxlanılırdı.
XIX əsrin əvvəllərində Rusiya–İran müharibələrindən sonra bölgənin siyasi vəziyyəti dəyişdi. Türkmənçay müqaviləsinin imzalanması ilə İrəvan xanlığının digər əraziləri kimi Sərdarabad da Rusiya imperiyasının nəzarətinə keçdi. Sonrakı dövrlərdə bölgəyə kənardan köçürülmələr həyata keçirildi və mahalın demoqrafik tərkibində ciddi dəyişikliklər baş verdi.
XX əsrdə baş verən deportasiyalar nəticəsində Sərdarabad mahalında yaşayan azərbaycanlı əhali öz doğma yurdlarından uzaq düşdü. Buna baxmayaraq, Sərdarabad adı qərbi azərbaycanlıların yaddaşında ata-baba ocağı, bərəkətli torpaq və zəngin mədəniyyət məkanı kimi yaşamaqdadır.
Bu gün Sərdarabad mahalı Qərbi Azərbaycan tarixinin ayrılmaz hissəsi hesab olunur. Burada yaşamış insanların həyat tərzi, yaratdığı maddi və mənəvi irs gələcək nəsillərə ötürülməsi vacib olan milli sərvətlərimizdəndir. Sərdarabad təkcə bir mahal deyil, həm də doğma yurda bağlılığın və tarixi yaddaşın simvoludur.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














